Nəhəng pitonlar ağaclara niyə dırmaşır?

DÜNYA
23:51 / 24.09.2026
36

Cənubi Floridada yaşayan Birma pitonlarının ağaclara dırmaşmasının səbəbi alimlərin uzunmüddətli araşdırmasından sonra məlum olub. Məlumata görə, nəhəng ilanlar ağaclardan yalnız hərəkət etmək üçün deyil, isinmək, dincəlmək və digər pitonlarla bir araya gəlmək üçün də istifadə edirlər.

HİT.az xəbər verir ki, tədqiqatçılar 2017-ci ilin noyabrından 2024-cü ilin dekabrına qədər 350-dən çox Birma pitonunu izləyiblər. Bunun üçün ilanların bədəninə cərrahi yolla radioötürücülər yerləşdirilib və onların hərəkətləri mütəmadi şəkildə qeydə alınıb.

Müşahidələr zamanı 188 yetkin və 168 cavan pitonun davranışı araşdırılıb. Alimlər ilanların ağaclarda müxtəlif fəaliyyətlər göstərdiyini müəyyən ediblər. Yetkin fərdlər əsasən isinmək, dincəlmək, digər ilanlarla bir yerdə olmaq və yumurtaların üzərində qalmaq üçün ağaclara çıxıblar.

Cavan pitonların davranışı isə bir qədər fərqli olub. Onlar ağaclarda daha çox dincəlir, isinməyə çalışır və budaqlar arasında hərəkət edirlər.

Araşdırma ilanların ağac seçimində də yaş və ölçü amilinin rol oynadığını göstərib. Yetkin pitonlar daha çox sərv və sahilyanı söyüd ağaclarına üstünlük verib. Cavan fərdlər isə sərvlərlə yanaşı kələm palmalarına da dırmaşıblar. İlanlar böyüdükcə daha qalın və möhkəm ağaclara keçiblər.

Bununla belə, ağaclar pitonların əsas yaşayış mühiti deyil. Müşahidələrdə yetkin ilanların yalnız 14,4 faizində, cavanların isə 17,3 faizində ağaclarda olduqları qeydə alınıb. Bu göstəricinin Floridada havaların nisbətən sərinləşdiyi quraq mövsümdə artdığı müəyyən edilib.

Cənub-Şərqi Asiya mənşəli Birma pitonu dünyanın ən iri ilan növlərindən biridir. Bu sürünənlərin uzunluğu 5 metrdən çox, çəkisi isə 150 kiloqrama qədər çata bilər.

Floridada onların sayı xüsusilə XX əsrin ikinci yarısından etibarən artmağa başlayıb. İlanların gecələr daha aktiv olması və uzun müddət gizlənə bilməsi onların aşkarlanmasını çətinləşdirir. Bundan başqa, dişi pitonların adətən iki ildən bir 30-60 yumurta qoyması populyasiyanın sürətlə artmasına şərait yaradır.

Alimlər hesab edirlər ki, pitonların hansı mövsümdə, hansı ağac növlərində və hansı məqsədlə məskunlaşdığını daha yaxşı bilmək bu invaziv növün sayının azaldılması üçün tətbiq olunan mübarizə üsullarının təkmilləşdirilməsinə kömək edə bilər.

Samir

0