Türk dünyasında inteqrasiya prosesi sürətlənir

İQTİSADİYYAT
10:34 / 17.09.2026
159

Türk dövlətləri arasında maliyyə və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə ortaq İnkişaf Bankının yaradılması ilə bağlı layihə hazırlanıb.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, Ankara millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında danışıb. 

Onun sözlərinə görə, Türk İnvestisiya Fondunun fəaliyyəti əhəmiyyətli olsa da, türk dövlətlərinin qlobal maliyyə imkanlarından daha geniş yararlanması üçün ayrıca İnkişaf Bankının yaradılmasına ehtiyac var. Zorlu diqqətə çatdırıb ki, bu istiqamətdə Prezident Administrasiyasının Maliyyə Ofisi ilə birgə layihə hazırlanıb və sənəd digər türk dövlətləri ilə TDT Baş Katibliyinə təqdim ediləcək.

Bəs ortaq İnkişaf Bankı türk dövlətlərinin iqtisadiyyatına hansı imkanları qazandıra bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri rəhbərlərinin Rəhbərlər Şurasının üzvlərindən, müşahidəçilərindən, Yəhya Baki Qutbi Beynəlxalq Konfransının həmtəsisçilərindən və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən toxunduğu əsas məqamlardan biri Türk dünyasının inteqrasiyası və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər olub: 

409987

“Bu baxımdan, Bakıda keçirilən “Türk dünyası dialoqu: Ortaq gələcək, ortaq vizyon” paneli Türk dünyasının inteqrasiyası istiqamətində vahid yanaşmanın formalaşdığını göstərir. Azərbaycan xüsusilə Türk dövlətlərinin inteqrasiyasını nəzərdə tutan strategiyanın praktiki icrası istiqamətində fəal siyasət həyata keçirir. Bu proses Türk dövlətləri arasında vahid yanaşmanın və daha sıx əməkdaşlığın formalaşmasına zəmin yaradır. İnteqrasiyanın iqtisadi, sosial və siyasi istiqamətlər üzrə genişlənməsi Türk dövlətlərinin vahid platformada daha sıx birləşməsinə imkan verə bilər”.

Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan arasında sülh prosesi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi ilə bağlı proseslər, eləcə də TRACECA layihəsinin inkişafı nəqliyyat və logistika imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu proseslərin reallaşması Türk dövlətlərini birləşdirən coğrafiya üzərindən yükdaşımaların artmasına və nəqliyyat-logistika əlaqələrinin inkişafına əlavə imkanlar yarada bilər. Hazırda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyi müşahidə olunur. Ticarət dövriyyəsinin artırılması ilə yanaşı, investisiya, nəqliyyat-logistika, yaşıl enerji, informasiya texnologiyaları və süni intellekt sahələrində də əməkdaşlıq imkanları genişlənir.

Bütün bu proseslər Türk dünyasının regional əməkdaşlıq çərçivəsindən kənara çıxaraq qlobal səviyyədə geosiyasi mövqeyini gücləndirən mühüm aktora çevrilməsi baxımından diqqət çəkir. Qarşılıqlı inteqrasiya və əməkdaşlığın dərinləşməsi isə Türk dövlətlərinin iqtisadi və siyasi imkanlarının daha da güclənməsinə şərait yarada bilər”.

Sevinc

0