Avropada tapılan və uzun müddət nəsli kəsilmiş ayrıca quş növünə aid olduğu düşünülən nəhəng durna sümükləri ilə bağlı elmi təsəvvür dəyişib. Qədim DNT nümunələrinin təhlili göstərib ki, qalıqlar əslində bu gün də Avropada yaşayan adi boz durnalara məxsusdur.
HİT.az xəbər verir ki, bu barədə “SciTechDaily” nəşri məlumat yayıb.
Elmi mübahisə XIX əsrdə fransız bioloq Alfons Miln-Edvardsın Fransanın cənubundakı mağaralarda aşkar edilən qeyri-adi ölçülü durna sümüklərini araşdırması ilə başlayıb. O, qalıqların ayrıca, nəsli kəsilmiş növə aid olduğunu irəli sürərək ona Grus primigenia adını verib. Həmin vaxtdan bu tapıntılar son buz dövründən sonra yoxa çıxmış nəhəng durnaların mövcudluğuna sübut kimi qəbul edilib.
Lakin Bornmut Universitetinin professoru Con Stüartın rəhbərlik etdiyi tədqiqatçılar bu fərziyyəni müasir genetik üsullarla yoxlamaq qərarına gəliblər. Alimlər İngiltərə, Uels, Fransa, Almaniya və Balear adalarında tapılmış 18 durna sümüyündən qədim DNT nümunələrini araşdırıblar.
Nəticələr gözlənilməz olub: qalıqlar ayrıca nəsli kəsilmiş növə deyil, boz durnalara məxsusdur. Beləliklə, təxminən 150 il ərzində nəhəng və artıq mövcud olmayan quş kimi tanınan bu nümunələrin əslində indiki durnaların nümayəndələri olduğu müəyyənləşib.
Səhv təsnifatın səbəbi nə olub?
Tədqiqatçıların fikrincə, yanlış nəticəyə gəlinməsinin əsas səbəbi eyni növün erkək və dişi fərdləri arasındakı ölçü fərqi – cinsi dimorfizm ola bilər. Boz durnalarda erkəklər dişilərdən xeyli böyükdür. Ehtimal olunur ki, alimlər keçmişdə iri erkək fərdlərin sümüklərini daha kiçik dişilərin qalıqları ilə müqayisə edərək onları ayrı növlər kimi təsnif ediblər.
Con Stüart bildirib ki, əvvəlki araşdırmalarda əsasən sümüklərin ölçüsü və forması nəzərə alınırdı. DNT analizi isə quşların hansı növə aid olduğunu daha dəqiq müəyyənləşdirməyə imkan verib.
Bununla belə, qədim durnaların müasir nümayəndələrindən niyə daha iri olması hələ də aydın deyil. Alimlər mümkün səbəblərdən birinin təbii yaşayış mühitində baş verən dəyişikliklər olduğunu düşünürlər. Bataqlıqların qurudulması və torpaqdan istifadə formasının dəyişməsi quşların bədən ölçülərinə təsir göstərmiş ola bilər. Lakin bu ehtimalın təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Tədqiqatın nəticələri digər qədim quş növlərinin təsnifatına da yenidən baxılmasının vacibliyini göstərir. Alimlər hesab edirlər ki, bəzi quşlar yalnız qeyri-adi ölçülü sümüklərinə görə ayrıca, nəsli kəsilmiş növ kimi qeydə alınmış ola bilər. Genetik araşdırmalar isə onların əslində bu gün yaşayan növlərin daha iri və ya kiçik fərdləri olduğunu üzə çıxara bilər.
Samir


