Ölkəmiz nə üçün oxu səviyyəsində geri qalır?

TƏHSİL
11:00 / 09.09.2026
212

Azərbaycanın PISA 2025 beynəlxalq qiymətləndirməsində oxu savadlılığı üzrə nəticələri açıqlanıb. 

Em və təhsil naziri Emin Əmrullayev nəticələri təqdim edərkən oxu savadlılığı üzrə vəziyyətin ürəkaçan olmadığını bildirib. Nazirin sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi geridə qalır. O deyib ki, ölkədə şagirdlərin oxuduğunu anlama problemi var: 

“Bu, şəxsən mənimlə əlaqəli deyil, bizim pedaqoji praktikamızla bağlıdır. Bunu mən tək dəyişə bilmərəm. Sinfə girən müəllimlər dəyişməlidir. Bizdə oxuya lazımi qədər fokus yoxdur. Biz oxuda əsaslı geri qalırıq”.

Maraqlıdır, niyə ölkəmiz oxu səviyyəsinə görə geri qalır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanın PISA 2025 beynəlxalq qiymətləndirməsində oxu savadlılığı üzrə nümayiş etdirdiyi kifayət qədər zəif göstəricilər (91 ölkə və region arasında 71-ci yer) və hər üç şagirddən ikisinin oxuduğunu dərk edə bilməməsi faktı, ölkədə regional, pedaqoji və struktur xarakterli ciddi bir təhsil böhranının göstəricisidir: 

“Mən bununla bağlı keçirilən tədbirdə iştirak etməmişəm və məlumatları yalnız mətbuatdan izləmişəm. Elm və təhsil naziri Emin Əmrullayevin PISA nəticələrinin təqdimatı zamanı səsləndirdiyi “sinfə girən müəllimlər dəyişməlidir, bizdə oxuya lazımi qədər fokus yoxdur” yanaşması məsələnin inzibati tərəfini hədəfləsə də, hesab edirəm ki, problemin kökləri daha dərindir. Bu, qiymətləndirmə mexanizmindən tutmuş kurikulum, proqram, dərslik siyasətinə və ən əsası ali pedaqoji təhsilin fəlsəfəsinə qədər bütöv bir təhsil ekosistemi problemidir.

Məsələyə obyektiv yanaşdıqda, Dövlət İmtahan Mərkəzinin son illərdə imtahanlarda tətbiq etdiyi oxuyub-anlama mətnləri, situasiya və açıq tipli tapşırıqlar kimi metodoloji dəyişikliklər təhsilimizi əzbərçilikdən xilas etmək yolunda çox mütərəqqi və dəstəklənməli addımlardır. DİM beynəlxalq standartlara uyğun olaraq imtahan formatını analitik müstəviyə daşısa da, əsas böhran məktəb ekosisteminin, xüsusən də tədris proqramlarının və dərsliklərin məzmununun bu müasir dəyişikliklərlə ayaqlaşa bilməməsindədir”. 

Ekspert qeyd edib ki, qiymətləndirmə aləti müasirləşsə də, şagirdin hər gün sinifdə qarşılaşdığı dərsliklər və proqram məzmunu hələ də köhnəlmiş, ağır informasiya yükü və faktoloji əzbərçiliklə zəngindir: 

“Dərsliklərin mürəkkəb dili və mexaniki təkrar tələb edən tapşırıq metodologiyası şagirdlərin oxu motivasiyasını aşağı salır. Problemin digər fundamental tərəfi isə dərsliklərin beynəlxalq standartlara tamamilə zidd formatda hazırlanmasıdır. Qlobal pedaqoji meyarlara görə, keyfiyyətli bir dərslik elə tərtib olunmalıdır ki, şagird hər hansı bir mövzunun ən azı 90%-ni müəllim köməyi olmadan, sərbəst şəkildə mənimsəyə bilsin. 

Lakin Azərbaycandakı dərsliklər o qədər qüsurlu, dili qəliz və akademik terminlərlə yüklənib ki, şagirdlər təkbaşına məzmunu anlamaqda aciz qalır və tamamilə müəllimin subyektiv izahından asılı vəziyyətə düşürlər, hətta repetitorluğun daha aşağı, hətta ibtidai siniflərə sirayət etməsinin kökündə bu faktor da rol oynayır. 

Şagirdi sərbəst öyrənmədən məhrum edən bu metodoloji qüsur PISA qiymətləndirməsində özünü tam çılpaqlığı ilə büruzə verir. Sinif otaqlarında dərsliklər səviyyəsində köhnə şablonlar hökm sürdüyü üçün şagirdlər nəinki PISA-da, hətta milli imtahanlarda belə oxuyub-anlama tapşırıqlarında ciddi çətinlik çəkirlər”.

Onun sözlərinə görə, bu uyğunsuzluğu aradan qaldırmağın yeganə yolu təkcə proqramları yüngülləşdirmək deyil, həm də müəllim hazırlığı sisteminə tamamilə yeni dizayn verməkdir:

“Pedaqoji ali məktəblərin mövcud proqramları şagirdə yalnız nəzəri dil qaydalarını əzbərlətməyə köklənən metodiki kadrlar yetişdirir. Yeni dizayn müəllimi sadəcə fənn qaydalarının ötürücüsü rolundan çıxarmalı, onu sinifdə oxu savadlılığını, tənqidi təhlili və funksional anlama bacarıqlarını formalaşdıran bir fasilitatora çevirməlidir. Çünki dərsliklər və tədris proqramları yenilənsə belə, sinif otağına daxil olan müəllimin metodologiyası dəyişmədikcə təhsildə müasir sıçrayış qeyri-mümkündür”.

Ekspert əlavə edib ki, PISA 2025 hesabatında coğrafi bərabərsizlik amili də xüsusi diqqət çəkir:

“Paytaxt Bakı şagirdlərinin oxu savadlılığı nəticələri əvvəlki dövrlə müqayisədə irəliləyiş nümayiş etdirsə də (56-cı yer), Azərbaycanın bütövlükdə bütün iqtisadi rayonlar üzrə ilk dəfə tam əhatə olunması ümumi balı aşağı salıb. Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal beynəlxalq göstəriciyə belə çata bilməməsi regional resurs və pedaqoji keyfiyyət uçurumunu sübut edir. 

Bu regional bərabərsizliyə erkən uşaqlıq (0-6 yaş) dövründə, hətta əksər ailələrdə və ümumiyyətlə cəmiyyətimizdə oxu mədəniyyətinin olmaması və ya görüntü xarakterli olması, eləcə də müasir rəqəmsal platformaların yaratdığı diqqət böhranı da əlavə olunduqda, uşaqların mürəkkəb mətnlər üzrə diqqəti cəmləmə və analitik oxu vərdişləri tamamilə sıfırlanır”.

Lakin həmsöhbətimiz hesab edir ki, bütün bu islahatların fövqündə dayanan ən fundamental məsələ təhsil idarəetməsinə elmi-pedaqoji baxışın və vizyonun gətirilməsidir:

“Təhsil sahəsi quru administrativ idarəçiliklə, rəqəmlərin arxasında gizlənən robot yanaşması ilə idarə oluna bilməz. Əgər təhsil menecmenti elmi-pedaqoji yanaşmalardan məhrum edilərsə, sürətlə inkişaf edən müasir texnoloji zaman axınında gedən qlobal inkişaf qatarını tamamilə buraxmış olacağıq. Zaman elə bir sürətlə dəyişir ki, bu elmi və fəlsəfi dönüşü bu gün etməsək, sabah təəssüf ki, hər şey üçün çox gec olcaq. 

Mövcud vəziyyətdən çıxmaq üçün təkcə imtahan standartlarının deyil, bütövlükdə təhsilin məzmun fəlsəfəsinin məktəb və idarəetmə daxilində eyni anda dəyişdirilməsi vacibdir. Bu, əlbəttə ki, mənim düşüncələrimdir və həvəskar fikirlər istisna elmi-pedaqoji yanaşmalara əsaslanan bütün alternativ təkliflərə də hörmətlə yanaşıram. Tədris proqramları və dərsliklərin məzmunu sərbəst öyrənməyə imkan verən, real olaraq funksional oxuya və tətbiqə yönələn şəkildə yenidən qurulmalıdır”.

İlqar Orucov vurğulayıb ki, ali pedaqoji təhsil proqramları müasir çağırışlara uyğun dizayn edilməli və geridə qalan regionlar üçün təcili metodiki dəstək proqramları icra olunmalıdır:

“Azərbaycanın PISA 2029 müqaviləsini artıq imzalamasını nəzərə alsaq, bu struktur islahatların inzibati şablonlarla, ittiham və bəyanatlarla deyil, elmi əsaslarla və vaxt itirmədən həyata keçirilməsi növbəti mərhələdə qlobal rəqabətədavamlılığımız üçün yeganə çıxış yoludur”.

Sevinc

0