Kibertəhlükəsizlik üzrə tədqiqatçılar Talal Haj Bakri və Tommi Mısk “iPhone” istifadəçilərinə “Facebook” və “Instagram”ı smartfonlarından silməyi məsləhət görüblər.
Bu barədə “Forbes” məlumat yayıb. Onların fikrincə, istifadəçi telefon parametrlərində proqramların izlənilməsini söndürsə belə, “Facebook” yenə də şəkillərin metadataları və İP ünvanları vasitəsilə qadcetin sahibi haqqında məlumat toplamağa davam edəcək.
Bundan əlavə, hər iki tətbiq hərəkətləri izləmək üçün “iPhone”un akselerometrindən istifadə edir. Bu məlumatlara əsaslanaraq, şirkət müəyyən saatlarda, məsələn, smartfon sahibi bir yerə gedərkən və istirahət edərkən istifadəçi davranışını hesablaya bilər.
Həmçinin, proqramlar akselerometr məlumatlarına əsasən istifadəçinin yerini müəyyən edə bilər. Bu funksiyanı isə söndürə bilməzsiniz. Tədqiqatçıların fikrincə, məlumatların toplanmasının qarşısını almağın yeganə yolu proqramı silməkdir.