"Sosial şəbəkə hesablarınıza şifrə seçərkən diqqət etməli olduğunuz bəzi nüanslar var".
Bu sözləri "Tedroid Media Group"un həmtəsisçisi Tariyel Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, şifrə təyin edərkən ad, soyad, ata adı və doğum tarixi kimi məlumatlardan istifadə etmək olmaz:
"Çünki kimsə sizin sosial şəbəkə hesablarınızı ələ keçirmək istəyəndə öncə onlara müraciət edir. Yaxşı olar ki, sizinlə əlaqəsi olmayan məlumatlardan şifrə kimi istifə edəsiniz. Həmçinin, yalnız sizin bildiyiniz bir hadisə ilə bağlı sözü şifrə kimi də seçə bilərsiniz".
Ekspert qeyd edib ki, hətta həmin sözü də şifrədə istifadə edərkən müəyyən dəyişikliklər etmək lazımdır:
"Məsələn "a" hərfinin yerinə "@" işarəsi, "1" rəqəminin yerinə "l" hərfi kimi dəyişiklər etmək olar. Bu cür şifrələrlə öz məlumatlarınızı daha yaxşı qoruya bilərsiniz".
Mütəxəssis onu da diqqətə çatdırıb ki, sosial media platformalarının, telefon və ya kompüterin təqdim etdiyi mürəkkəb şifrələrdən də istifadə etmək olar:
"Yəni bu, sosial şəbəkə hesablarınızın, smartfonlarınız və ya kompüterinizin yaddaşda saxladığı mürəkkəb parollar ola bilər. Bu parollar adətən çox çətin və uzun olur. Siz onu yadda saxlaya bilməsiniz də, telefon yadda saxlaya bilir. Beləcə, həm şifrəniz güclü olur, həm də onu yadda saxlamaq məcburiyyətində olmursunuz".
Tariyel Ağazadə vurğulayıb ki, hər sosial şəbəkə hesabınızın şifrəsi fərqli olmalıdır:
"Hər yerdə eyni paroldan istifadə etməməyiniz tövsiyə olunur. Bütün sosial şəbəkə hesablarınızda fərqli parollardan istifadə etmək daha təhlükəsizdir. Əks təqdirdə, bir şifrəniz ələ keçsə, bütün sosial şəbəkə hesablarınıza daxil ola bilərlər".
Pərviz