"Apple" yenidən istifadəçilərin cibinə "əl uzatdı": iCloud+ kəskin bahalaşdı

TEXNO
14:14 / 18.07.2026
56

"Apple" iCloud+ abunəliyinin qiymətini eyni vaxtda səkkiz ölkədə artırıb. 

HİT.az xəbər verir ki, "iPhones.ru" nəşrinin diqqətinə əsasən, yeni qiymətlər Nigeriya, Türkiyə, Vyetnam, Yaponiya, Misir, Yeni Zelandiya, Filippin və İndoneziyada tətbiq olunmağa başlayıb.

Ən böyük dəyişikliklər Türkiyədə müşahidə olunub. Burada abunə qiymətləri 25-37 faiz aralığında artıb.

50 GB yaddaş təqdim edən tarifin qiyməti 40 lirədən 50 lirəyə yüksəlib. 200 GB-lıq plan 130 lirədən 170 lirəyə, 2 TB yaddaşlı abunə 400 lirədən 550 lirəyə, 6 TB-lıq variant 1300 lirədən 1700 lirəyə, 12 TB-lıq tarif isə 2500 lirədən 3400 lirəyə qalxıb.

"Apple" abunə qiymətlərinin artırılmasının səbəbini açıqlamayıb. "iPhones.ru"nun məlumatına görə, dəyişikliklər, ehtimal ki, valyuta məzənnələrindəki dalğalanmalarla bağlıdır.

iCloud+ "Apple" şirkətinin ödənişli abunə xidmətidir və iCloud bulud xidmətinin imkanlarını genişləndirir. Xidmətə daha böyük bulud yaddaşı (50 GB-dan 12 TB-dək), həmçinin internetdə məxfiliyi artıran Private Relay, müvəqqəti elektron poçt ünvanları yaratmağa imkan verən Hide My Email, qorunan HomeKit Secure Video görüntülərinə dəstək və iCloud Mail üçün şəxsi poçt domenləri yaratmaq funksiyaları daxildir.

Samir
 

0