Baydenlə görüşdən çıxan nəticə: Putin nə edibsə, əcəb edib...

DÜNYA
11:55 / 17.06.2021
2374

“Amerika istəyir ki, Rusiya müstəqil, öz siyasətini yürüdən üçüncü tərəf olsun”.

Bunu HİT.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Amerika və Rusiya Prezidentləri arasında keçirilən görüşün nəticələrindən danışarkən deyib. Onun sözlərinə görə, bu görüşdən əvvəl Rusiya ilə Amerika münasibətləri ən aşağı həddə idi:

“Hətta o həddə qədər idi ki, Amerikanın yeni seçilən prezidenti Putini “qatil” adlandırmışdı. Sonra da “qatil”ə “gəl görüşək” dedi. Bu, görüşün birinci nəticəsi: “qatil” adlandırdığı insanla, düşmən saydığı ölkənin başçısı ilə Amerika Prezidenti üzə-üzə oturub danışıb. Bu nəyin əlamətidir? Bu dövlət kifayət qədər güclüdür, onunla hesablaşmağa dəyər. Putin güclü siyasi xadimdir, onunla görüşməyə dəyər. Bayden bundan əvvəl İngiltərə və 7 aparıcı ölkənin rəhbərliyi ilə görüşdü. Ümumi bir mövqe əldə etdi və ondan sonra Putinlə üzbəüz oturdu. Bu görüş əsasında Rusiyanın bu günə kimi həyata keçirdiyi bütün qanunsuz  hərəkətlər barəsində Amerikanın heç bir qadağa rəyi olmadı. Yəni əcəb edib Ukraynanın torpağını tutub, əcəb edib Ukraynada münaqişə ocağı qalayıb, əcəb edib gürcü torpağını işğal edib, əcəb edib Suriyada at oynadıb, əcəb edib insan haqlarını pozub, əcəb edib Navalnını həbs edib. Hər şeyə əcəb edib. Amerika ona gözünün üstündə qaşın var demədi. Əvəzində ona nail oldular ki, hər iki tərəf münasibətləri yavaş-yavaş normallaşması istiqamətində addımlar atsınlar”.

Zərdüşt Əlizadə bildirib ki, görüşün ilk nəticəsi səfirlərin qayıtmasıdır:

“Amerika səfirliyi Moskvaya, Rusiya səfirliyi isə Vaşinqtona qayıdır. Silahların məhdudlaşdırılması barəsində kiçik razılaşma əldə etdilər. Sonra da  dedilər ki, bundan sonra da görüşlər keçirib mövqeləri bir-birinə yaxınlaşdırmaq lazımdır. Amerikanın bu mövqeyinin səbəbi də aydındır. Amerika Çinlə qlobal qarşıdurmaya hazırlaşır və bu qarşıdurma zamanı ona əl vermir ki, Rusiya Çinin yanında, onlarla sıx müttəfiq olsun”.

Bahar Rüstəmli

0