DÜNYA
14:17 / 05.09.2021
481

“Heroin cihadı”: "Taliban" ən gəlirli sahədən imtina edəcək?

"Qəbiristanlıqlar imperiyası” - bu gün əksər beyin mərkəzləri və nüfuzlu media  qurumları tərəfindən Əfqanıstan məhz belə xarakterizə edilir. Tarix boyu dünyanın heç bir dövləti burada nə öz idarəçiliyini qura, nə də möhkəmlənə bilib. Və bu uğurun sirri - yerli sakinlərin ağlasığmaz müqaviməti olub. Son onilliklər ərzində dünya həm də gördü ki, əfqanlar tək partizan müharibəsində deyil, tiryək istehsalında da "uğurlu” fəaliyyətlə seçiliblər. Praktiki olaraq, beynəlxalq narkotik bazarına bütün heroin məhz Əfqanıstandan çıxarılır. Maraqlıdır ki, son vaxtlara kimi narkotik istehsalına nəzarəti həyata keçirən "taliblər”, indi bəyan edirlər ki, bu gəlirli biznesi dağıtmağa hazırdırlar. Bəs bu bəyanatların arxasında nə dayanır? Doğrudanmı Əfqanıstanın yeni hakimiyyəti bu gəlirdən imtina edəcək?
 
400 min insan cəlb edilib
 
2015-2020-ci illər ərzində dünyada istehsal edilən heroinin 83 faizi əfqan mənşəlidir. Narkotik istehsalı üçün əsas xammal olan xaş-xaş sahələri, əsasən ölkənin cənubunda, "Taliban” döyüşçülərinin ən çox təsir etdiyi əyalətlərdə yerləşib. 2017-ci ildə əfqan heroin biznesinin dövriyyəsi rekord - 6,6 mlrd. dollar təşkil edib. O zaman ekspertlər hesablamışdılar ki, tiryək istehsalına 400 min – Əfqanıstan ordusundan çox insan cəlb edilib. Beləliklə, 2021-ci ilin avqustunda "Taliban” əsgərləri Əfqanıstanın böyük şəhərlərinə müqavimət göstərmədən girdilər.
 
ABŞ əsgərləri gəldi, istehsal artdı
 
Partizan həyat tərzi sürən "Taliban” məmurlara rüşvət vermək və silah almaq üçün pulu haradan aldı? Mütəxəssislərin fikrincə, "Taliban” gəlirinin 60 %-ə qədərini heroin ticarətindən əldə edir. Hər hansı bir qanunsuz psixoaktiv maddənin istehsalı kimi tiryək əkini də başqa sahələrdə olmayan super qazancı təmin edir. Əfqan kəndliləri isə gəlirin yalnız dörddə birini alır. Bunun əhəmiyyətli bir hissəsi Avropaya narkotik gətirən qaçaqmalçılara çatır. Rusiyaya Mərkəzi Asiya ölkələri, Qərbə isə Türkiyə və Balkan ölkələri vasitəsilə reallaşır. Ölkədə ABŞ əsgərləri göründükdən və "Taliban” xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən sonra istehsal həcmi xeyli artdı. Məsələn, 1990-cı illərin ortalarında Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərilirdisə, 2005-ci ildə bu ərazi iki dəfə artaraq 100 min hektardan çox oldu, səkkiz il sonra isə iki dəfə artdı.

"Taliban”ın "reabilitasiya proqramı"
 
Narkotik ticarəti Əfqanıstan iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsinə çevrilib. 2005-ci ildə ölkədə təxminən 200 min tiryək və heroin asılısı var idisə, 2015-ci ildə BMT narkotik aludəçisi olan 1,9-2,4 milyon əfqan vətəndaşı qeydə alıb. Ölkədə ixtisaslı narkoloq və sosial müdafiə mexanizmləri yoxdur, buna görə də, "Taliban”, bir növ "reabilitasiya proqramı" yaradır. Narkotik aludəçilərini öz sıralarına götürür: İslam teoloqları onlarla müəyyən işlər aparır. Bir neçə həftəlik təbliğatdan sonra normal həyata qayıda bilərlər. Ancaq yenə də hər iki nəfərdən biri "Taliban”a qoşulmağı və cihad yoluna başlamağı seçir.
 
Amerika 8 milyard dollar sərf edib?
 
Aydındır ki, "Taliban” bütün Əfqanıstan əhalisini narkotik asılılığından qoruya bilməz – zatən belə bir məqsəd və hədəfləri də yoxdur. Sənayenin nəinki xaricilərə, həm də yerli əhaliyə ziyan vurduğuna baxmayaraq, bir gün dozasız dayana bilməyənlər narkotiklə mübarizənin əleyhinə çıxırlar. Birləşmiş Ştatlar tiryək iqtisadiyyatına qarşı mübarizədə böyük miqdarda enerji və pul xərcləyib. Rəsmi mənbələr bu rəqəmin 8 milyard dollar olduğunu bildirir. Ancaq heç bir səy – sahələrin məhv edilməsi, basqınlar, əsas nöqtələrin bombalanması, amerikalılara məqsədlərinə çatmağa imkan vermədi. "Taliban”ın sənayeni bitirməklə bağlı yeni vədləri ilə əlaqədar insanlar 2001-ci ili xatırlayır – məhz həmin il Əfqanıstanda heroin istehsalında mühüm bir mərhələ idi. 2000-2001-ci illərdə silahlılar ilk dəfə heroin istehsalını məhdudlaşdırmağa çalışdılar. Sonra ixrac üçün tiryək yetişdirilməsinə qadağa tətbiq etdilər və əkin sahələrini on dəfədən çox azaltdılar: 82-dən 8 min hektara qədər.

ABŞ-ın hücumundan xəbərdar idilər?
 
Və bu, 11 sentyabr hücumundan bir neçə ay əvvəl baş verdi: terrorçular sanki Amerikanın hücumunu gözləyirdilər. Tiryəkin qiyməti kəskin artırıldı. Məhsul azaldıqca qiymət rekord həddə yüksəldi: bölgədə, təxminən 95 dollara satılan bir kiloqram tiryəkin qiyməti 746 dollara çıxdı. Eyni zamanda, əsas xammal ehtiyatları hələ də "Taliban” tərəfindən idarə olunurdu. Ehtimal olunur ki, o anda da özlərinə "maliyyə yastığı" qazandılar. "Brookings Institution” analitik mərkəzindən Felbsb-Braun Vanda hesab edir ki, o dövrdə "Taliban”ın addımları tiryək fermerləri arasında geniş qəzəbə səbəb oldu. 2002-ci ildə xaş-xaş tarlaları 74 min hektar ərazini tuturdusa, 2004-cü ildə amerikalıların gəlişindən əvvəlki dövrü keçdi və böyüməkdə davam etdi.
 
İstehsal azalmayacaq, əksinə...
 
İyirmi il əvvəlki təcrübə göstərir ki, "Taliban” narkotik istehsalına qarşı qətiyyətli addımlar ata bilər, lakin bunda o qədər də maraqlı deyil və heç həvəs də göstərmir. BMT-nin Narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin rəhbəri Sezar Qudesin sözlərinə görə, Kabildə narkotik aludəçiləri onun məhsullarından asılı olduğu kimi "Taliban” da bu sənayedən asılıdır. Tiryək əkinləri üçün xarici subsidiyalar, istehsalı dayandıra biləcək zəmanətli tədbir olaraq göstərilir: "Taliban” İran, Rusiya və digər dövlətlərin xaşxaş əvəzinə tiryək yetişdirməyə başlayacaqları təqdirdə, on minlərlə əfqanıstanlı kəndlinin itkilərinin kompensasiya edilməsini gözləyir. Onların istəklərinin əksinə, əks proses müşahidə olunur: Əfqanıstan iqtisadiyyatının maliyyə infuziyasından asılı olduğu ölkələr "Taliban”la əməkdaşlığa tələsmir və maliyyəni dondururlar. "Taliban”ın ölkədə asayişi qoruya biləcəyi də şübhələr yaradır: avqustun 26-da Kabildə törədilən terror aktları fonunda silahlıların gücü kövrək görünür. Xaos ölkədəki iqtisadi böhranı daha da şiddətləndirəcək. Bu o deməkdir ki, narkotikdən gəlir əldə etmək ehtiyacı da artacaq və narkotik trafiki kəsilməyəcək, əksinə, daha da güclənəcək.

Mənbə: Kaspi.az

0