DÜNYA
12:55 / 28.08.2022
998

Rusiyanın Amerikanı vura biləcəyi ən qısa yol - NATO və ABŞ təcili hərəkətə keçdi

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə müxtəlif cəbhələr açılmağa davam edir. Yeni dünya düzənində Rusiya və ABŞ-ın qarşılıqlı addımları bütün diqqəti Şimal qütbünə yönəldir…

Rusiyanın Arktikada fəaliyyətini genişləndirməsi fonunda ABŞ da öz tarixində ilk dəfə Şimal qütbünə səfir təyin edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel məlumat verib. Onun sözlərinə görə, səfir 7 Arktika ölkəsi ilə əlaqələri təmin edəcək. Bu açıqlama məhz Rusiyanın bölgədə hərbi varlığını artırması ilə bağlı xəbərlərin yayılmasından sonra verilib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu həftə bölgəyə səfəri zamanı mümkün təhlükələrdən danışıb.

ŞİMAL QÜTBÜNDƏ NƏ BAŞ VERİR?

Bölgədəki hərbi varlığı göstərən xəritə

NATO son bəyanatlarından birində Rusiya raketləri və bombardmançı təyyarələri üçün Şimali Amerikaya ən qısa yolun Arktikadan keçdiyini açıqlayıb.

Rusiyanın bölgədəki hərbi varlığı və qlobal istiləşmə nəticəsində Şimal qütbündəki təbii sərvətlərin ortaya çıxması buzla örtülmüş bu ərazini böyük hədəfə çevirib.

Qeyd edək ki, bu donmuş dünyanın altında təxminən 30 trilyon dollarlıq təbii resurs var.

Rusiyanın bölgəni hava bazaları ilə militarizasiya etməsi və Çinin öz resurslarını gücləndirməyə çalışması fonunda ABŞ Putinə faktiki olaraq meydan oxuyub və rəsmi Vaşinqton Moskvanın 13 bazasının yerləşdiyi Şimal qütbünə nəzarət üçün buraya səfir təyin etmək qərarına gəlib.

Kanada və Arktikaya səfəri zamanı NATO-baş katibi Vladimir Putinin bölgədəki planlarına diqqət çəkərək, Rusiyanın Şimali Amerikanı hədəf alan qitələrarası ballistik raketlərinin ən qısa yolunun birbaşa Arktika üzərindən keçdiyini qeyd edib.

Nəticədə Birləşmiş Ştatların buzlu şimaldakı rəqiblərinə uduzmaq və bu bölgədə geridə qalmaq narahatlığı artıb.

Vaşinqtonun Arktikadakı səfiri ABŞ-ın Şimal qütbündəki siyasətini inkişaf etdirəcək, Arktika və digər ölkələrdəki həmkarları, eləcə də yerli qruplarla əlaqə saxlayacaq, o cümlədən əyalət, yerli və qəbilə hökumətləri ilə sıx əməkdaşlıq edəcək.

NATO VƏ ABŞ NİYƏ NARAHATDIR?

Hərbi aktivliyin peyk görüntüsü (2019)

Atılan addımların əsasında Rusiya və Çinin birgə fəaliyyət göstərməsi və öz qüvvəsini regiona yerləşdirməsi ilə bağlı narahatlıq dayanır.

Qeyd edək ki, Rusiya Arktikada ən azı 13 hərbi hava bazası inşa edib və bu bazalardan uzaqmənzilli “Mig-31BM Foxhound” qırıcıları, “Tu-22M3” bombardmançı təyyarələri ilə döyüş atışları sürətləndirib. Həmçinin Rusiya son illərdə Şimal qütbünə uzaqmənzilli S-400 və ortamənzilli SA-17 hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Bu, təbii ki, NATO-nun gözündən qaçmayıb.

Alyansın Baş katibi Yens Stoltenberq Kanadanın şimal bölgələrinə səfəri çərçivəsində Kembric körfəzindəki Şimal Xəbərdarlıq Sistemi radar stansiyasına baş çəkib və hava hücumundan müdafiə sistemi olan NORAD-ın rolunun Şimali Amerika və NATO üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Baş katib, həmçinin Putinin bölgədəki niyyəti barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən həftə Rusiya Arktika əməliyyatları üçün yeni strateji raket daşıyan sualtı kreyser planlarını açıqlamışdı.

PUTİN NİYYƏTİ NƏDİR?

Rusiyanın Şimali Atlantikada müttəfiq qüvvələrin güclənməsinin qarşısını almağa çalışması Alyans üçün strateji problemə çevrilib.

Ötən ay Putin yeni strategiya ilə bağlı açıqlamasında deyib:

“Biz Rusiyanın milli maraqlarının sərhədlərini və sahələrini aydın, şəffaf şəkildə müəyyən etmişik - iqtisadi, həyati əhəmiyyətli və strateji. Əvvəla, bunlar Arktika, Qara dəniz, Oxot dənizi, Berinq dənizi və Baltik və Kuril boğazlarındakı sularımızdır. Biz diqqətlə və bütün mümkün vasitələrdən istifadə edərək bu ərazilərin müdafiəsini təmin edəcəyik”.

0