Tarixə düşən iki baş nazir: onların hakimiyyətə gəlişi bizə nə vəd edir?

DÜNYA
10:27 / 27.10.2022
1368

Məlum olduğu kimi, hind əsilli Rişi Sunak Böyük Britaniyanın, Corciya Meloni isə İtaliyanın baş naziri seçilib. C. Meloni İtaliyanın ilk qadın, R. Sunak isə Böyük Britaniyanın ilk hind əsilli baş naziri olaraq tarixə düşdü. Hər iki ölkədəki yeni baş nazir təyinatları Azərbaycanda da böyük maraqla qarşılanıb. Belə ki, rəsmi London və Roma Bakının Qərbdəki ən vacib tərəfdaşlarıdır. Hər iki ölkə ilə iqtisadi, siyasi və diplomatik sahədə yüksək əlaqələr mövcuddur. 44 günlük Vətən müharibəsində həm Böyük Britaniya, həm də İtaliya Azərbaycanın haqq işinə diplomatik dəstək nümayiş etdirən nadir Avropa ölkələrindən idi. Digər tərəfdən, başda İtaliya olmaqla, hər iki ölkə ilə enerji sahəsində yüksək əlaqələr var.

Bəs Azərbaycanın dostu olan iki böyük Avropa dövlətinə yeni baş nazirlərin seçilməsi Bakı üçün nə vəd edir? Onların rəhbərliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana münasibəti hansı istiqamətdə formalaşacaq?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirib ki, Böyük Britaniya-Azərbaycan münasibətləri son iki il ərzində krallığın Cənubi Qafqazda nüfuzunun artması, bu strateji regionda maraqlarının təmsil olunması üçün geniş imkanlar formalaşdırıb. Azərbaycan-Böyük Britaniya münasibətləri həmişə yüksək səviyyədə olub. Həmin ölkənin baş nazirinin kimliyindən asılı olmayaraq Böyük Britaniyanın Azərbaycanla əməkdaşlıq münasibətləri davam edib: “Ona görə də biz Böyük Britaniyanı həmişə öz yanımızda görmüşük. Böyük Britaniya həmişə sabit mövqedə qalaraq birmənalı şəkildə Azərbaycanı müdafiə edib. Rişi Sunakın hakimiyyətə gəlişinin bu münasibətlərə mənfi təsir edəcəyi gözlənilmir. Hindistanın Cənubi Qafqazda Ermənistanı müdafiə etməsi, hindlilərin ermənilərlə etnik milli yaxınlıqlarının olması Böyük Britaniyanın Hindistan əsilli baş nazirinin Böyük Britaniyanın Azərbaycan kimi yaxın tərəfdaşları ilə münasibətlərinə müəyyən qısqanclıq nüansları gətirə bilər, amma ciddi təsir edə bilməz. Birləşmiş Krallığın yürütdüyü strateji siyasət, ölkənin maraqları buna imkan verməz.  Mən hesab edirəm ki, Rişi Sunakın baş nazirliyi çox da uzun çəkməyəcək. Hesab edirəm ki, o da Liz Trass kimi vəzifəsindən tez getməli olacaq. Bunu da şərtləndirən bir neçə məqamlar var.

O ki qaldı Azərbaycanın daha bir tərəfdaşı olan İtaliyada yeni baş nazirin seçilməsinə, bu ölkənin maraqları Azərbaycanla münasibətlərə həssaslıqla yanaşılmasını tələb edir. Ona görə də biz Britaniya ilə müqayisədə İtaliyadan daha arxayın ola bilərik. Ümumilikdə hər iki dövlət Azərbaycanın Avropada böyük dostlarıdır. Azərbaycan şübhəsiz hər dostu ilə əməkdaşlığı davam etdirəcək".

Politoloq Turan Rzayev bildirib ki, istər Böyük Britaniya, istərsə də İtaliya Avropanın köklü siyasi sisteminə malik ölkələridir. Hər iki ölkə fərqli xarici siyasətlərə malik olsalar da, yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik edəcəyi inandırıcı deyil: “Rişi Sunakla bağlı ən narahatedici məqam onun hind mənşəli olmasıdır. Ancaq bu, yersiz narahatlıqdır. Belə ki, Sunak qlobalist bir şəxsdir. Onun dünyaca tanınmış bank-maliyyə elitası ilə əlaqələri genişdir. Sunakın bütün əlamətləri, həmçinin fəaliyyəti onun hərtərəfli ingilisləşmiş olduğunu göstərir. Sunak hind milliyyətçisi olsa idi belə, Britaniya siyasi sistemindən kənara çıxa bilməzdi. Onun baş nazir kimi ilk telefon zəngini Ukrayna Prezidenti Zelenskiyə etməsi və Londonun Ukraynaya dəstəyinin bundan sonra da davam edəcəyini bəyan eləməsi də bunun təsdiqidir.

İtaliyanın yeni baş naziri Corciya Meloniyə gəldikdə isə onun oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxışı Azərbaycanla münasibətlərində necə formalaşdıracağına aydınlıq gətirir. Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək, Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir, azadlığın öz qiyməti var. Ümumiyyətlə, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir. Son 7 gündə İtaliya "Qazprom"dan qaz almayıb. Bu, 1974-cü ildən bəri ilk belə haldır. Görünür, Meloni də keçmiş baş nazir Draginin bu siyasətinə sadiq qalacaq. İtaliyanın Rusiyadan qaz nəqlini dayandırması bu ölkənin qaza olan tələbatını  digər ölkələrdən, həmçinin Azərbaycandan qaz nəql edərək kompensasiya edə biləcəyndən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Corciya Meloninin dövründə də davam edəcək. Nəticə etibarilə istər Rişi Sunakın, istərsə də Corciya Meloninin baş nazirliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana qarşı mövqeyində elə də ciddi bir dəyişiklik olmayacaq".

0