Karib dənizində adada 51 nadir ilan sağ qaldı: Onların sayı necə 1100-ü keçdi?

DÜNYA
18:59 / 16.09.2026
46

1995-ci ildə Karib dənizindəki kiçik bir adada cəmi 51 ilan qalmışdı. Genişmiqyaslı təbiəti mühafizə proqramı sayəsində iki onillikdən sonra onların sayı 1100-ü keçib. 

HİT.az xəbər verir ki, bu barədə “The Times of India” yazıb.

Antiqua polozu dünyada ən nadir ilan növlərindən biridir və təxminən üç onillik əvvəl tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə idi. Həmin vaxt növün məlum olan bütün fərdləri Antiqua sahilləri yaxınlığındakı kiçik Qreyt-Berd adasında yaşayırdı.

Lakin təbiəti mühafizə edən mütəxəssislər vəziyyəti dəyişə biliblər. Onlar invaziv yırtıcıların populyasiyalarını məhv edib, ilanları qonşu adalara köçürüb və onların sayını daim nəzarətdə saxlamağa başlayıblar.

Antiqua polozu üçün əsas təhlükələrdən biri qara siçovullar idi. 1995-ci ildə təbiəti mühafizə mütəxəssisləri Qreyt-Berd adasında onların məhv edilməsi əməliyyatını həyata keçiriblər.

Nəticə demək olar ki, dərhal özünü göstərib: nadir ilanların populyasiyası iki dəfə artıb, növbəti iki il ərzində isə ilkin göstərici ilə müqayisədə iki dəfədən çox böyüyüb.

Bununla belə, bütün ilanları yalnız bir kiçik adada saxlamaq riskli idi. Qreyt-Berdin sahəsi cəmi 8,4 hektardır. Buna görə tədqiqatçılar qonşu adalarda yeni populyasiyalar yaratmaq qərarına gəliblər.

Köçürülmənin ilk mərhələsi 1999-cu ilin noyabrında başlayıb. On antiquа polozu Qreyt-Berd adasından Rabit adasına aparılıb.

Daha sonra ilanlar Qrin və York adalarında da məskunlaşdırılıb. Ümumilikdə 1999-2012-ci illər ərzində 86 fərd üç adaya köçürülüb. Bundan əvvəl təbiəti mühafizə mütəxəssisləri həmin ərazilərdən ilanlar üçün təhlükə yarada biləcək siçovul və manqustları məhv ediblər.

Köçürülən heyvanlar yeni mühitə sürətlə uyğunlaşıb. Tədqiqatçılar ilkin qrupların tərkibində olmayan cavan ilanların meydana çıxdığını qeydə alıblar. Bu, yeni populyasiyaların sadəcə sağ qalmadığını, həm də müstəqil şəkildə çoxalmağa başladığını göstərib.

Proqramın nəticəsi olduqca təsirli olub. Tədqiqatçıların hesablamalarına görə, 2015-ci ildə Antiqua polozlarının ümumi sayı təxminən 1135 fərdə çatıb, 2016-cı ildə isə 1108-ə yaxın olub.

Beləliklə, 21 il ərzində növün sayı 20 dəfədən çox artıb – bir adada yaşayan 51 ilandan dörd adada 1100-dən çox ilana qədər.

Təbiəti mühafizə mütəxəssisləri, həmçinin maarifləndirmə kampaniyaları aparıblar. Buna səbəb yerli sakinlərin ənənəvi olaraq ilanlara mənfi münasibət bəsləməsi olub. Lakin Antiqua polozları insanlar üçün təhlükə yaratmır.

Samir

0