Almaniya xəstəxanaları və Bundesver (Ordu) çox sayda yaralının qəbulu da daxil olmaqla, mümkün hərbi münaqişəyə təcili hazırlıq tədbirlərinə başlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Ekspertlər etiraf edirlər ki, səhiyyə sistemi hələ belə uzunmüddətli yüklənməyə hazır deyil. Əsas problemlər arasında çarpayı çatışmazlığı, döyüş travmaları üzrə təcrübəli cərrahların azlığı, logistika zəncirlərinin həssaslığı və dərman tədarükündən asılılıq göstərilir.
Bundesverin qiymətləndirməsinə görə, böyükmiqyaslı münaqişə baş verəcəyi təqdirdə Almaniya xəstəxanalarına hər gün 1000-ə qədər yaralı hərbçi müraciət edə bilər. Belə ssenaridə beş hərbi hospital qısa müddətdə maksimum yüklənmə həddinə çatacaq və bundan sonra mülki tibb müəssisələrinin də prosesə cəlb olunması tələb olunacaq.
"Bizim səhiyyə sistemimiz buna hazırdırmı? Yeganə cavab xeyrdir. Bizi gözləyən marafondur", – deyə Ulm şəhərindəki hərbi hospitalın rəhbəri Benedikt Frimert bildirib.
Bu problemlərin həlli üçün hakimiyyət səhiyyənin təhlükəsizliyi haqqında qanun qəbul etməyi planlaşdırır. Qanun mülki və hərbi xəstəxanaları vahid monitorinq şəbəkəsində birləşdirəcək.
"Berliner Morgenpost"un yazdığına görə, Berlində "Xəstəxanaların mülki müdafiəsi" adlı çərçivə planı qüvvədədir. Sənəddə böhran vəziyyətində şəhərin 12 klinikası üçün vəzifələr müəyyənləşdirilib, onların fövqəladə vəziyyətə hazırlıq meyarları sadalanıb və belə ssenariyə hazırlıq tədbirlərinin maliyyələşdirilməsi mənbələri göstərilib.
Samir


