Anakonda delfinin ağzında: Alimlər səbəbini araşdırır

DÜNYA
20:39 / 16.09.2026
60

Boliviyada tədqiqatçılar qeyri-adi hadisənin şahidi olublar. Tiçamuxi çayında Boliviya çay delfinləri iri anakondaları ağızlarında daşıyarkən müşahidə edilib. Alimlər bunun delfinlərin yeni ov strategiyası olması ehtimalını araşdırsalar da, hazırda onların ilanlarla qidalandığını təsdiqləyən sübut yoxdur.

HİT.az "Zielona Interia"ya istinadən xəbər verir ki, qeyri-adi davranış ilk dəfə 2022-ci ildə qeydə alınıb. Həmin vaxt delfinin ağzında anakonda ilə görüntüsü yayıldıqdan sonra mütəxəssislər bu davranışın səbəbini müəyyənləşdirməyə çalışırlar.

Adətən Boliviya çay delfinləri əsasən balıq, xərçəngkimilər və molyusklarla qidalanır. Böyük ilanların onların ov siyahısına daxil olduğuna dair isə indiyədək məlumat olmayıb.

Tədqiqatçılar hesab edirlər ki, delfinlərin anakondalarla təması ovdan çox oyun və öyrənmə davranışı ilə bağlı ola bilər. Xüsusilə müşahidələrin əsasən gənc delfinlər üzərində aparılması bu ehtimalı gücləndirir. Delfinlərin müxtəlif əşyalar və digər canlılarla oynadığı, bunun da onların ətraf mühitlə qarşılıqlı əlaqə bacarıqlarının inkişafına kömək etdiyi məlumdur.

Alimlər bəzi dəniz delfinlərinin ilanbalıqları ilə də oxşar şəkildə oynadığını xatırladırlar. Buna görə Boliviya çay delfinlərinin anakondalarla davranışının da buna bənzər ola biləcəyi düşünülür.

Müşahidə zamanı anakondanın hərəkətsiz qalması və uzun müddət su altında olması onun artıq ölmüş ola biləcəyini göstərib. Lakin ilanların ölümünə məhz delfinlərin səbəb olduğuna dair sübut yoxdur. Eyni zamanda delfinlərin anakondanı qida kimi qəbul etdiyi də təsdiqlənməyib.

Bu səbəbdən mütəxəssislər hələlik hadisəni yeni ov davranışı kimi deyil, delfinlərin qeyri-adi qarşılıqlı əlaqəsi kimi qiymətləndirirlər. Boliviya çay delfinləri Cənubi Amerikanın dörd şirin su delfini növündən biridir və əsasən Boliviya çaylarında, həmçinin Braziliyanın Madeyra hövzəsində yaşayırlar.

Samir

0