Medvedyev: Rusiya ya böyük dövlət olacaq, ya da ümumiyyətlə mövcud olmayacaq

DÜNYA
13:14 / 17.09.2026
45

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ölkəsinin gələcəyinin “böyüklük” anlayışından asılı olduğunu iddia edib.

HİT.az xəbər verir ki, Medvedyev Rusiyanın “tarixi qanunlara” əsasən yalnız böyük dövlət statusunda mövcud ola biləcəyini bildirib.

“Ölkəmiz ya böyük dövlət ola bilər, ya da ümumiyyətlə olmayacaq. Tarixi qanunlar belədir”, deyə o vurğulayıb.

Medvedyev daha əvvəl də Rusiyanın “böyüklüyü” mövzusunda açıqlamalar verib. 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin Xersonu işğaldan azad etməsindən sonra o, Rusiyanın “böyüklüyü və sərhədsizliyi” barədə “düşmənə” daha tez-tez xatırlatmağın vacibliyini söyləmişdi.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Medvedyev Qərb ölkələrinə qarşı sərt ritorikası ilə tez-tez gündəmə gəlib. O, dəfələrlə nüvə silahından istifadə ilə bağlı təhdid xarakterli açıqlamalar verib.

Sentyabrın əvvəlində isə Medvedyev Rusiyanın Almaniyanın Leypsiq hava limanına hücumda ittiham edilməsindən sonra Berlinə və Almaniyanın hərbi zavodlarına zərbə endirməyə çağırıb.

Rusiya rəsmisi daha əvvəl Litvada nüvə silahının yerləşdiriləcəyi təqdirdə ölkənin “dünya xəritəsindən silinə biləcəyini” bildirib. O, həmçinin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiq olunacağına dair Alyans ölkələrinin hazırlığını şübhə altına alıb.

Medvedyev Kiyev və NATO ilə bağlı nüvə təhdidləri də səsləndirib. Onun sözlərinə görə, Rusiya müharibənin mümkün qədər tez başa çatmasında maraqlıdır, lakin bunun yalnız Moskvanın irəli sürdüyü şərtlər əsasında baş verməli olduğunu iddia edib.

Samir

0