Şimali Koreya nüvə zərbəsini imitasiya edən hərbi təlimlər keçirdi - FOTO

DÜNYA
11:42 / 31.08.2023
585

Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimlərinə cavab olaraq Şimali Koreya Koreya yarımadasının cənubunun ərazisinin işğalı ssenarisi əsasında özünün komanda-qərargah təlimləri keçirib.

HİT.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb.

Təlimlər zamanı Şimali Koreya hərbçiləri qəfil hərbi işğalı dəf etmək və “ölkənin cənub yarısı”nın bütün ərazisinin sonrakı işğalı ilə bütün sərhəd xətti boyunca əks-hücuma keçmək üçün məşq ediblər.

Birinci mərhələ çərçivəsində Şimali Koreya Cənubi Koreyanın əsas komanda mərkəzləri və aerodromlarına “yanmış torpaq” zərbələrini simulyasiya edən taktiki nüvə təlimi keçirib. Bu məqsədlə Pxenyan çərşənbə günü axşam iki qısa mənzilli ballistik raket buraxıb.

Pxenyan dəfələrlə Cənubi Koreyaya nüvə zərbələri endirmək məqsədi daşıyan taktiki təlimlər keçirib. Lakin bu, Şimali Koreyanın ilk dəfədir ki, “müəyyən düşmənə” hücum əməliyyat planlarının bir hissəsini əhatə edən komanda-qərargah təlimi elan edir.

KCNA həmçinin ABŞ ordusunun B-1B strateji bombardmançı təyyarəsini yerləşdirməsinə cavab olaraq taktiki nüvə zərbəsi təlimləri haqqında məlumat verib.

“Koreya Xalq Ordusunun raket bölməsi öz missiyasını uğurla başa çatdırıb və təyin olunmuş hədəflərdən 400 metr yüksəklikdə müəyyən edilmiş hündürlükdə sursatları havada partlatmaqla nüvə zərbəsi endirib”, deyə KCNA bildirib.

Söhbət çərşənbə gecəsi iki qısa mənzilli ballistik raketin buraxılışından gedir, Cənubi Koreya ordusunun məlumatına görə, onlar təxminən 360 kilometr uçaraq Yapon dənizinə düşüb.

Pxenyan bildirib ki, təlimlər “düşmənə aydın siqnaldır” və Şimali Koreya ordusunun qətiyyətini və döyüş qabiliyyətini nümayiş etdirir.

Samir

0