İsveçrənin Liqornetto şəhərində inşaat işçiləri təxminən 1800 il yaşı olan, Roma imperiyası dövrünə aid iri metal emalı emalatxanasının qalıqlarını aşkar ediblər. Yeni yaşayış binasının təməli tökülərkən üzə çıxarılan tapıntını hazırda Tiçino kantonunun Arxeologiya Xidməti araşdırır.
HİT.az xəbər verir ki, bu barədə “La Brújula Verde” məlumat yayıb.
Qazıntılar 2026-cı ilin iyununda Via Mastri küçəsində başlayıb. Arxeoloqlar eni səkkiz, uzunluğu isə 11 metrdən çox olan daş binanın təməlini üzə çıxarıblar. Tikili ən azı altı otaqdan və örtülü qalereyadan ibarət olub.
Eramızın II-III əsrlərinə aid təbəqələrdə mütəxəssislər filizdən dəmir əridilməsi zamanı yaranan tullantı – böyük miqdarda şlak, həmçinin bürünc emalı ilə bağlı qalıqlar aşkar ediblər. Bununla yanaşı, binada ocaq və digər məişət izlərinin olmaması onun yaşayış məqsədilə istifadə edilməsini tamamilə istisna edir.
Qiymətli tapıntılar arasında tovuz quşunu təsvir edən bürünc zoomorf fibula – bərkidici sancağı xüsusi diqqət çəkir. Bina uzun müddət mövcud olmayıb: III əsrdə güclü yanğın nəticəsində dağılıb və kirəmit damı uçub.
Tədqiqatlar zamanı məlum olub ki, bina II-III əsrlərdə yenidən qurulub. Yeni divarlar əlavə edilib, qalereyada isə qənaət məqsədilə köhnə kərpiclərdən platforma inşa olunub.
Tikilinin arxa tərəfində sənətkarlıq və kənd təsərrüfatı işləri üçün geniş sahə yerləşib. Arxeoloqlar burada yüngül örtüklərin izlərini və ikinci dəfə istifadə olunmuş materialla döşənmiş ensiz cığır aşkar ediblər. Bu cığır ərazinin sərhədini müəyyənləşdirib.
Kəşf alimlər üçün tam gözlənilməz olmayıb. Çünki Stramonte bölgəsinin altında demək olar ki, min il davam edən fasiləsiz məskunlaşma tarixi gizlənir. İnsanlar burada Dəmir dövründən başlayaraq yaşayıb, daha sonra romalılar gəliblər. İmperiyanın süqutundan sonra isə ərazi IX-X əsrlərə qədər erkən orta əsr məskunları tərəfindən mənimsənilib.
Emalatxanadan bir kilometrdən də az məsafədə 120x90 metr ərazini əhatə edən dəbdəbəli San-Pyetro-di-Stabio Roma villası yerləşir. Son onilliklər ərzində mütəxəssislər villanın ətrafında nekropollar, Merkuri tanrısı kultunun izləri və langobard döyüşçülərinə aid zəngin qəbirlər aşkar ediblər.
Roma imperiyasının bu ərazi üzərində nəzarətini itirməsindən sonra belə burada həyat davam edib.
Hazırda tədqiqatçılar emalatxananın konkret kimə məxsus olduğunu və onun yaxınlıqdakı villadan asılı olub-olmadığını müəyyən edə bilmirlər.
Qazıntıların 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılır. Tədqiqatların vaxtilə qüdrətli Roma imperiyasının ucqarlarında çalışan sənətkarların gündəlik həyatına dair yeni məlumatlar ortaya çıxaracağı gözlənilir.
Samir


