Ukrayna geri addım atır? - "Ümidsiz fikirlər..."

DÜNYA
19:57 / 07.12.2023
466

"Ukrayna ilə Rusiya arasında gizli danışıqların getməsi ilə bağlı məlumatlar Kiyev administrasiyasında pessimist mövqeyin nümayiş olunması ilə bağlıdır".

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib. 

O,  Zelenski hakimiyyətinin ümidsiz fikirlər səsləndirməsini xatırladıb:

"Həmçinin, iki ilə yaxındır Ukraynaya hərbi, siyasi, maddi və mənəvi dəstək göstərən dövlətlərin üzvü olduğu NATO-nun rəhbəri Yens Stoltenberq belə ümidsiz danışdı. O, son çıxışı zamanı xoşagəlməz sürprizləri görə biləcəyimizi dedi. Üstəlik, Ukrayna Prezidenti Volodomir Zelenski də bildirdi ki, dəstək gəlməyəcəksə geri addım atacaqlar. Bu və bənzər fikirlər onu deməyə əsas verir ki, Ukraynaya əvvəlki kimi dəstək verilmir. 

Ukraynaya dəstək kəsilir, canlı qüvvəsi azalır, Rusiyada isə hərbçilərin sayı artırılır və soyuq qış aylarında manevr etmək imkanları çoxalır. Bütün bunlar Ukraynanın geriyə addım atmasına səbəb ola bilər".

339372

Amma ekspert diqqətə çatdırıb ki, bu, həlledici məqam olmaya da bilər: "Çünki bu, soyuq qış aylarına aid olan məsələdir və kollektiv Qərbin dəstəyinin səngiməsi ilə bağlıdır. Bəlkə də, Qərb dövlətləri soyuq qış aylarında itki olmasın deyə hazırkı məqamda çox miqdarda silah vermək istəmir. Ancaq qış aylarından sonra vəziyyət tamamilə dəyişə bilər. 

Düşünürəm ki, indiki vəziyyət də çox davam etməyəcək. Əgər müharibə bu şəkildə davam edəcəksə, Ukrayna daha ciddi itkilər verə bilər. Bu itkilər təkcə canlı qüvvə və hərbi texnika deyil, həm də ərazi itkisi deməkdir. Yəni Ukrayna üçün daha ağır faciələrə səbəb ola biləcək itkilərdən söhbət gedir".

Xəyal Bəşirov qeyd edib ki, bütün bunları nəzərə alan bəzi ukraynalı rəsmilər Rusiya ilə danışıqlara getməyə üstünlük verirlər:

"Təbii ki, bu da Ukrayna hakimiyyətində ciddi fikir ayrılığına gətirib çıxarıb. Üstəlik, bu hakimiyyətin parçalanmasına və hətta Zelenskinin iqtidardan getməsi ilə nəticələnə bilər".

Pərviz

0