Avropa İttifaqı Belçikadan narazıdır

18:40 / 08.05.2024
251

Belçikada dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən yüksək vergi tutulması ilə bağlı Avropa İttifaqında narazılıq artmaqdadır. 

HİT.az "La Libre" nəşrinə istinadən xəbər verir ki, bəzi Aİ ölkələri Belçikanı Rusiya ehtiyatları ilə maliyyə əməliyyatlarına görə 25% vergi tutduğuna görə tənqid ediblər.

Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarının böyük hissəsi Belçikanın Euroclear depozitarında saxlanılır.

"Belçikadakı vergi gəlirləri milyardlarla avro gətirəcək və Ukraynanın müdafiə üçün təcili olaraq bu vəsaitə ehtiyacı var", deyə avropalı diplomat bildirib.

Aİ tərəfdaşları Belçikanın büdcə vəsaitlərini xərcləmədən, Kiyevə kömək etmək üçün öz mülahizəsinə uyğun olaraq bu pullardan istifadə etməsindən məmnun deyillər, qalanları isə öz büdcələrindən əhəmiyyətli məbləğlər ayırmağa məcburdurlar.

Ümumilikdə, Aİ Rusiyanın 210 milyard avroluq aktivini dondurub ki, bunun da 190 milyard avrosu Belçikadadır. Yerli qanunlara əsasən, Euroclear maliyyə xidmətlərindən əldə edilən gəlirə görə 25% vergi ödəyir. İllik 4 milyard avro gəlirin 1 milyard avrosu Belçika xəzinəsinə daxil olur. 2022-ci ildə bu vəsait Ukraynaya 1,7 milyard avroluq yardım fonduna yönəldilib ki, bunun da 1 milyard avrodan çoxu artıq hərbi xərclərə xərclənib.

"Biz Euroclear üçün ayrıca vergi rejimi yaratmayacağıq və ya onu vergidən azad etməyəcəyik, çünki bu vəsaitlər Ukraynaya kömək üçün istifadə olunur", deyə Belçikalı mənbə bildirib.

Samir

 

0