"Vaqner" döyüşçüləri Ermənistandadır? - "12 min nəfərin..."

DÜNYA
10:05 / 24.05.2024
552

Ermənistanda 12 min "Vaqner" döyüşçünün olduğuna dair iddialar yayılmağa davam edir. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, iddialarla bağlı araşdırma aparılır:
"Ermənistanda “Vaqner” döyüşçülərinin olması ilə bağlı mətbuatda dərc edilmiş yazılarla bağlı Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Baş İstintaq İdarəsində araşdırma aparılır. Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlər araşdırılır". 

Ümumiyyətlə, bu iddialar doğru ola bilərmi? Doğrudursa, 12 min "Vaqner" döyüşçünün Ermənistanda olmasına səbəb nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov deyib ki, Ermənistanda "Vaqner" döyüşçülərinin olması ilə bağlı söz-söhbətlər inandırıcı görünmür:

351060

"Çünki "Vaqner" döyüşçüləri böyük ölçüdə Ukrayna cəbhəsində vuruşurdular. Yevgeni Priqojinin ölümündən sonra isə Belarusda olan döyüşçülər də Ukrayna cəbhəsinə göndərildi. Düzdür, "Vaqner" özəl hərbi şirkətinin fəaliyyətini dayandırdığını dövrdə bəzi döyüşçülər fərqli ölkələrə getmiş ola bilərlər. Amma 12 min döyüşçünün Ermənistan ərazisində olması heç inandırıcı deyil. Üstəlik, araşdırmaların hələ də davam etməsi bunun şaiyə olduğunu göstərir". 

Lakin ekspertin sözlərinə görə, Ermənistanın növbəti dəfə bu iddiaları ortaya atması ictimai rəydə Rusiyanın qeyri-qanuni hərbi birləşmələrlə ərazilərində olması xofunu yaratmağa hesablana bilər:

"Məlumdur ki, hazırda Ermənistanda anti-Rusiya kampaniyası geniş vüsət alıb. Bu iddialar da həmin kampaniyanın tərkib hissələrindən biri ola bilər. Lakin Ermənistan ərazisində bu qədər sayda "Vaqner" döyüşçüsünün olacağını zənn etmirəm. 

Nəzərə almaq lazımdır ki, Priqojinin sağlığında "Vaqner" döyüşçülərinin rəsmi sayı 20 min idi. Onların bəzisi Ukrayna cəbhəsində öldü, bəziləri döyüşlərə davam edir, bəziləri isə hələ də Belarus ərazisindədir. Nəticə etibarilə, ortada Ermənistanda olduğu deyilən 12 min nəfər "Vaqner" döyüşçü qalmır".

Pərviz

0