Qalstanyan yenidən etirazlara başladı - "Paşinyanın devrilməsi..."

DÜNYA
11:54 / 15.01.2025
71

"Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı olan, onu devirib hakimiyyəti ələ almaq istəyən güclər uyğun zamanın gəlməsini gözləyirlər". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin qüvvələr Paşinyana qarşı sanki pusquda dayanıblar:

"Hətta keçən il keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə Paşinyana qarşı etirazlar oldu. Lakin bununla hansısa nəticə əldə edə bilmədilər. Hazırkı mərhələdə isə Ermənistanın Suriya və Kanadadakı müttəfiqlərinin sıradan çıxdığı görünür. Eyni zamanda, İrəvanın Moskva ilə də münasibətləri gərginləşib. Bütün bunların fonunda isə keşiş Baqrat yenidən aktivləşib".

Ekspert qeyd edib ki, erməni müxalifəti Nikol Paşinyanın yürütdüyü siyasətin uğursuzluğa düçar olmasını gözləyir:

"Əslində, Paşinyanın yürütdüyü siyasət onun hər an devrilməsinə səbəb ola bilər. Lakin keşiş Baqrat Qalstanyan başda olmaqla, Paşinyanın rəqibləri olduqca nüfuzsuzdurlar. Elə ona görə də Paşinyan hakimiyyətdə qala bilir. 

Əgər güclü və reallıqları dərk edən bir rəqib olsa, Nikol Paşinyanın devrilməsi o qədər də çətin olmayacaq. Hazırda Baqrat Qalstanyan Paşinyanın zəifləməsindən istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanın Baş nazirinin reytinqi də son zamanlarda xeyli aşağı düşüb".

Xəyal Bəşirov diqqətə çatdırıb ki, Baqrat Qalstanyan həm keşiş, həm də etiraz aksiyalarına rəhbərlik edən şəxs olaraq insanları ətrafına toplaya bilmədi:

"İndiki şəraitdə onun uğurlu olacağı inandırıcı deyil. Lakin hər bir halda Ermənistandakı xaotik vəziyyət və etiraz aksiyaları davam edirsə, İkinci Qarabağ müharibəsindən nəticə çıxarmayan, sülh müqaviləsini imzalamağı uzadan Nikol Paşinyanın devrilməsi zərurətə çevriləcək. 

Onun Azərbaycanla sülh müqaviləsi imzalamaması və 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdakı öhdəliklərini yerinə yetirməməsi ciddi nəticə çıxarmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, Nikol Paşinyan seçkidə qalib gəldiyi zaman qazandığı nüfuzu və hörməti mütləq şəkildə itirəcək".

Pərviz

 

0