Tramp Ermənistanla imzalanan tərəfdaşlıq sazişini ləğv edəcək? - AÇIQLAMA

DÜNYA
10:12 / 12.02.2025
56

"ABŞ Prezidenti Donald Tramp hansı qərarı verəcəyini proqnozlaşdırmağın bir qədər çətin olduğu siyasi liderdir". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O xatırladıb ki, Tramp prezident seçilməzdən əvvəl uğurlu biznesmen idi:

"Yəni onun üçün iqtisadi prizma daha çox prioritet təşkil edir. Buna görə də Tramp üçün iqtisadi məsələlər digər mövzulardan daha əhəmiyyətli və aktualdır".

367498

Ekspert Co Bayden dönəmində ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin Donald Tramp tərəfindən ləğv olunma ehtimalı barədə də danışıb:

"Hesab edirəm ki, ABŞ-nin Ermənistan və ya digər bir dövlətlə imzaladığı sənədi ləğv etməsi, eləcə də ondan birtərəfli qaydada imtina etməsi istənilən müqavilədə baş verə bilər. Lakin Donald Trampın iqtisadi məqamlara daha çox üstünlük verdiyini nəzərə almaq lazımdır. 

Onun üçün iqtisadi münasibətlər daha prioritet təşkil edir. Bu baxımdan, Ermənistanın dalan ölkə olması və iqtisadi cəhətdən çox zəif vəziyyəti Vaşinqtonun İrəvanla hansısa layihəni həyata keçirmək ehtimalının real olmadığını deməyə əsas verir".

Xəyal Bəşirov vurğulayıb ki, sözügedən sazişin ABŞ-yə nə isə verəcəyi inandırıcı görünmür:

"Bunu Ermənistan və ABŞ rəsmiləri çox gözəl şəkildə başa düşürlər. Sadəcə Ermənistan ABŞ-dən hansısa yardımlar alması mümkündür. Bunun müqabilində isə öz ərazini Rusiya və İrana qarşı istifadə etmək üçün verə bilər. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvanın tərəfdaşlıq sazişi çərçivəsində Vaşinqtona nə isə vermək potensialı yoxdur. 

Əgər Rusiya ilə ABŞ arasındakı münasibətlər normallaşarsa, o zaman Ermənistanla imzalanan tərəfdaşlıq sazişinin də əhəmiyyəti qalmayacaq. Hətta Donald Tramp tərəfindən bundan imtina da oluna bilər. Ən yaxşı halda isə kağız üzərində qalacaq".

Pərviz

0