Donanma təzyiq altında: ABŞ-ın ən yeni aviadaşıyıcısı uzun “məzuniyyətə” gedə bilər

DÜNYA
18:59 / 20.04.2026
51

ABŞ-ın ən müasir aviadaşıyıcısı “USS Gerald R. Ford” yığılan texniki nasazlıqlar və təxirə salınmış texniki xidmət səbəbindən iki ilə qədər döyüş hazırlığından kənarda qala bilər.

Hit.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşrinin məlumatlarına istinadən bildirilib.

Təxminən 13 milyard dollar dəyərində olan aviadaşıyıcı istismara verildiyi gündən etibarən bir sıra problemlərlə üzləşib. Bunlara elektromaqnit katapultlarda nasazlıqlar və təyyarə eniş sistemlərində (aerofinişer) pozuntular daxildir. Eyni zamanda gəmidə yanğınlar və təyyarələrin istismarı zamanı texniki məhdudiyyətlər kimi insidentlər də qeydə alınıb.

Gəmi təxminən 300 gün dənizdə olub ki, bu da ABŞ aviadaşıyıcıları üçün son illərin rekord göstəricilərinə uyğundur. O, Yaxın Şərqə göndərilib və İranla bağlı zərbələrdən əvvəl İsrail yaxınlığında yerləşdirilib.

Ən yeni gəmilərdən biri olmasına baxmayaraq, “Ford” tam döyüş hazırlığı tamamlanmadan əməliyyatlara cəlb edilib. Ekspertlərin fikrincə, bu da texniki vəziyyətin daha da pisləşməsinə səbəb olub.

Bir sıra insidentlərdən sonra aviadaşıyıcı qısa müddətlik Avropa limanlarına daxil olub, lakin tam təmir əvəzinə yenidən əməliyyat zonasına qaytarılıb. Bu isə problemlərin yığılmasına gətirib çıxarıb və uzunmüddətli bərpa tələb edə bilər.

Məlumatlara görə, sistemlərin mürəkkəbliyi və ABŞ gəmiqayırma zavodlarının yüklənməsi səbəbindən hətta yeni gəminin tam təmiri iki ilə qədər çəkə bilər.

ABŞ Hərbi Dəniz Qüvvələrindəki vəziyyət qlobal miqyasda paralel əməliyyatların yaratdığı yüklənməni göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, əsas döyüş gəmilərinin uzun müddət düzgün texniki xidmət olmadan istifadəsi ciddi nəticələr doğura bilər.

Bu fonda ABŞ-ın potensial münaqişələrə, xüsusilə də Çin kimi texnoloji rəqiblərə qarşı hazırlığı ilə bağlı narahatlıqlar da artır.

“Ford”la bağlı vəziyyət Vaşinqton üçün hərbi-dəniz resurslarının istifadəsinə yanaşmanın yenidən nəzərdən keçirilməsi siqnalı kimi qiymətləndirilir. Donanmaya həddindən artıq yük, texnikanın aşınması və təmir imkanlarının məhdudluğu ABŞ-ın mümkün genişmiqyaslı münaqişədə mövqelərini zəiflədə bilər.

Samir
 

0