“ABŞ və İran arasındakı qarşıdurma vəziyyəti davam edir. Çünki hər kisinin də müəyyən strateji hədəfləri var”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hər iki tərəf öz strateji hədəflərinə çatmağa çalışır:
“ABŞ-nin hədəfi təkqütbülü dünya yaratmaq və öz hökmranlığını əksər ölkələrə qəbul etdirməkdir. Eyni zamanda, neft-qaz mənbələri üzərində də söz sahibinə çevrilmək istəyirlər. Bu proses artıq son 20-25 ildir gedir. Prosesin əsas təşəbbüskarı isə Respublikasçılar Partiyasıdır. Məhz onların hakimiyyətdə olduqları dövrlərdə daha ciddi hadisələr baş verib. Lakin Demokratlar Partiyası da proseslərdən tam kənarda deyil, onların da öz hədəfləri var”.
Ekspert İranın hədəflərindən də danışıb:
“İranda 1979-cu ildən etibarən dünyada analoq olmayan bir rejim yaranıb. Bu rejim özünü qoruyub-saxlamaq və dünyada özlərinə məxsus yer tutmaq uğrunda mübarizə aparır. Onlar, fərqli bir ideoloji bazaya, daha dəqiq desək dini ideoloji bazaya sökənirlər. Üstəlik, bununla bağlı dünyada da təbliğat aparırlar. Hətta başqa ölkələrdə də özlərinə uyğun rejimlər yaratmağa və ideyalarını təbliğ etdirməyə çalışırlar. Əslində, HƏMAS və Hizbullah kimi qruplaşmalar da məhz bu ideoloji xətti əsas götürüblər. Düşünürəm ki, bu da olduqca təhlükəli tendensiyadır”.
Siyasətçi xatırladıb ki, sabiq ABŞ Prezidenti Barak Obamanın dönəmində İrana nüvə tədqiqatları ilə məşğul olmağa icazə verilmişdi:
“Hətta bununla bağlı müqavilə də imzalanmışdı. Düzdür, sənəddə İranın nüvə silahı yaratmaq hədəfindən imtina edəcəyi və nüvəni sadəcə dinc məqsədlər üçün istifadə edəcəyi qeyd olunmuşdu. Eyni zamanda, İranın dondurulmuş aktivləri ilə bağlı məsələdə də razılıq var idi. Lakin Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ həmin razılaşmadan çıxdı. Hərçənd ki, Co Bayden dönəmində aparılan siyasət nəticəsində İranın uranı zənginləşdirməsi yüksək həddə qədər gəlib çatdı. Ona görə də bu gün iki ölkə arasında davam edən problemin təməli Obama və Bayden dönəmində qoyulub. Tramp isə yenidən hakimiyyətə qayıtdı və İrana qarşı çox sərt addımlar atdı”.
Partiya sədrinin sözlərinə görə, İran nüvə dövlətinə çevrilməyə çalışır:
“Bu, İranın əsas strateji hədəfidir. Həmçinin, islam dünyasının birmənalı liderə çevrilməyə çalışırlar. ABŞ və İran arasında əsas qarşıdurma da məhz bu nüvə məsələsindən qaynaqlanır. Son olaraq isə İslamabad görüşü ləğv edildi, amma atəşkəs uzadıldı. İndiki vəziyyətdə tərəflər arasında ciddi fikir ayrılıqları var. Üstəlik, ABŞ və İran əsas hədəflərinə çatmayıb. Ona görə də, mövcud şəraitdə hansısa güclü atəşkəsin əldə olunması inandırıcı deyil”.
Akif Nağının proqnozuna görə, ABŞ ilə İran arasında yenidən müharibə başlayacaq:
“Atəşkəs dövründə hər iki tərəf qüvvələrini nizama salmağa və beynəlxalq rəyi öz xeyirlərinə dəyişməyə çalışırlar. Lakin atəşkəsin çox uzun müddət davam edəcəyini zənn etmirəm. Məncə, hərbi əməliyyatların yaxın vaxtlarda yenidən başlama ehtimalı daha realdır. Ondan sonra növbəti dəfə atəşkəs əldə oluna bilər. Yəni atəşkəs və hərbi əməliyyatlarla prosesin ilin sonuna qədər davam etmə ehtimalı var”.
Elmir Mustafa


