Rusiyanın Belçikadakı səfiri Denis Qonçar iddia edib ki, Avropada ABŞ-dan asılı olmayan “nüvə qalxanı” yaradılması ideyası müzakirə olunur. Bu təşəbbüsün Fransa prezidentinin rəhbərliyi ilə həyata keçirilməsi ehtimal edilir.
HİT.az xəbər verir ki, bu barədə “digi24.ro” məlumat yayıb.
Qonçar bildirib ki, guya Avropa İttifaqında gizli danışıqlar aparılır və öz nüvə potensialının yaradılması müzakirə edilir: “Belə ssenarilərin həyata keçirilməsi ölkəmizin milli təhlükəsizliyi üçün riskləri çox dəfə artıracaq və Rusiya ilə Avropa arasındakı münasibətləri çıxılmaz vəziyyətə gətirəcək, birbaşa hərbi münaqişə ehtimalını ciddi şəkildə yaxınlaşdıracaq”.
O əlavə edib ki, Moskva Avropa ictimaiyyətinin bu planlara qarşı çıxacağına ümid edir: “Biz ümid edirik ki, sağlam düşüncə üstün gələcək və Avropa ictimai rəyi siyasətçilərə və hərbi dairələrə bu dağıdıcı planları həyata keçirməyə imkan verməyəcək”.
Məlumatda qeyd olunur ki, Rumıniyanın xarici işlər naziri Oana Çoyu Varşavada bildirib ki, ölkəsi Fransa prezidenti Emmanuel Makronun Avropanın nüvə çəkindirmə imkanlarını gücləndirmə təşəbbüsü ilə bağlı müzakirələrə dəvət edilib.
Həmçinin bildirilir ki, aparılan sorğulara görə Rumıniya ictimaiyyətində bu təşəbbüsə münasibət bölünmüş vəziyyətdədir: 22,2% tam dəstək verir, 17,1% daha çox dəstəkləyir, 13,8% daha çox əleyhinədir, 37,2% isə tam şəkildə qarşı çıxır.
Samir


