Ənənəvi qazon suvarma sistemləri səmərəsizliyi və yüksək istismar xərcləri səbəbindən tədricən populyarlığını itirir. Onların əvəzinə ev sahibləri su sərfiyyatına daha dəqiq nəzarət etməyə və suya qənaət etməyə imkan verən müasir həllərə üstünlük verməyə başlayıblar.
HİT.az xəbər verir ki, bu barədə "The Spruce" nəşri yazıb.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə damcı suvarma sistemlərinə maraq artır. Bu sistemlər daha əlçatan olub və fərdi təsərrüfatlarda istifadə üçün daha uyğunlaşdırılıb.
Ənənəvi suvarma sistemlərindən fərqli olaraq, damcı suvarma suyu xüsusi damcılandırıcılar vasitəsilə birbaşa bitkilərin kök zonasına çatdırır. Bu da su ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir.
Damcı suvarma və sızdırıcı suvarma şlanqları daxil olmaqla mikroirriqasiya sistemləri klassik çiləyici sistemlərlə müqayisədə daha qənaətcil hesab olunur. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) bu texnologiyaları tövsiyə edir. Çünki onlar su sərfiyyatını təxminən 20–50 faiz azaltmağa imkan verir.
Mütəxəssislər bildirirlər ki, artıq su istehlakı xərclərin də artmasına səbəb olur. Bir çox bölgədə suyun qiyməti yüksəldiyi üçün quraqlıq dövrlərində ev sahibləri qazonların suvarılmasını azaltmağa üstünlük verirlər.
Onların fikrincə, qazonun daha az tezliklə suvarılması ot örtüyünün vəziyyətinə müsbət təsir göstərə bilər. Bu zaman su torpağın daha dərin qatlarına nüfuz edir, kök sistemi möhkəmlənir, bitkilər rütubət və qida maddələrini daha yaxşı toplayaraq isti havaya daha davamlı olur.
Alternativ olaraq damcılandırıcılar, damcı lentləri və mikrobaşlıqlarla təchiz olunmuş damcı suvarma sistemlərindən istifadə tövsiyə edilir. Böyük çiləyicilər və dumanlandırıcı sistemlər isə fərdi həyətyanı sahələr üçün məqsədəuyğun hesab edilmir. Onlar əsasən bir-birindən aralı yerləşən ağac və dekorativ bitkilərin suvarılması üçün daha uyğundur.
Digər alternativ yağış suyunun toplanması üçün xüsusi çənlərdən istifadədir. Bu qurğular yağıntı sularını toplamağa və sonradan bağın və ya qazonun suvarılmasında istifadə etməyə imkan verir.
Mütəxəssislər köhnə suvarma sistemlərinin tamamilə sökülməsini də məsləhət görmürlər. Onların sözlərinə görə, belə işlər adətən bahalı və mürəkkəb olur, çünki həyətin və ya landşaftın bir hissəsinin qazılmasını tələb edə bilər. Əgər sistemdən istifadə edilməyəcəksə, borulardakı suyun boşaldılması və su təchizatının bağlanması kifayət edir. Bu, sızmaların və əlavə təmir xərclərinin qarşısını alır.
Qazonun səmərəli suvarılması üçün mütəxəssislər torpağın rütubətini sadə üsulla yoxlamağı tövsiyə edirlər. Bunun üçün tornavidanı təxminən 3–4 santimetr dərinliyə torpağa batırmaq kifayətdir. Yay aylarında otu bir qədər hündür biçmək də məsləhət görülür. Bu, torpağı günəşdən qoruyur və həddindən artıq qızmasının qarşısını alır.
Qazonu səhər saatlarında suvarmaq daha məqsədəuyğundur, çünki bu zaman su daha az buxarlanır. Nəmin torpağa kifayət qədər hopması üçün hər sahənin təxminən 60–90 dəqiqə suvarılması tövsiyə olunur.
Suvarmanın tezliyi hava temperaturundan asılı olaraq dəyişdirilməlidir: mülayim istilərdə həftədə bir dəfə, daha isti günlərdə iki dəfə, güclü istilər zamanı isə həftədə üç dəfəyə qədər suvarma kifayət hesab olunur.
Samir


