Zelenski: "Patriot" raketlərinin bir paketi tezliklə Ukraynaya gələcək"

DÜNYA
16:30 / 09.07.2026
59

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın ballistik raketlərini məhv etmək üçün nəzərdə tutulan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinin yeni partiyasının yaxın vaxtlarda Ukraynaya çatdırılması gözlənilir.

HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə Ankarada "United24 Media" nəşrinə müsahibəsində danışıb.

"İndi bir paket gələcək. Nə vaxt olacağını deməyəcəyəm – bir PAC-3 paketi. Biz bu barədə razılaşmışıq. Lakin bu kifayət deyil. Yeganə düzgün variant PAC-3 üçün alternativ yaratmaqdır", deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna antiraket koalisiyasına daxil olan ölkələrin görüşünü təşkil edir.

"İndi bizim sədrliyimiz altında düşünürəm ki, yaxın həftələrdə, hətta bəlkə də bir həftə ərzində antiraket koalisiyasına daxil olan ölkələri toplamağa çalışacağıq. Bunlar gələcək "Freya" sistemimiz üçün hissələrin istehsalını həyata keçirən ölkələrdir", deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, söhbət Avropanın birgə ballistik raketlərə qarşı müdafiə sisteminin yaradılmasından gedir. Bu prosesdə yeddi ölkəyə qədər iştirak edəcək:

"Əlbəttə, biz bu sistemi quracağıq. Ukraynada kifayət qədər imkan yaradacağıq və texnologiyalarımızı bütün ölkələrlə bölüşəcəyik".

Son dövrdə Ukraynanın hava hücumundan müdafiə qüvvələri "Patriot" sistemləri üçün raket-interseptor ehtiyatlarının çatışmazlığı səbəbindən Rusiya ballistik raketlərini zərərsizləşdirməkdə çətinlik çəkir.

İyulun 8-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukraynaya "Patriot" sistemləri üçün raket-interseptorların istehsalına icazə verə bilər.

Bununla yanaşı, "Bloomberg"in məlumatına görə, Ukraynada "Patriot" sistemləri üçün raket-interseptorların istehsalının təşkili uzun və mürəkkəb proses olacaq və bu, illər çəkə bilər.

Samir

0