Tailandda aparılan arxeoloji qazıntılar zamanı yaşı təxminən 2 min il olan iki qızıl üzük aşkarlanıb. Üzüklərdən birinin üzərində qədim yazı həkk edilib. Tapıntılar insan qalıqları ilə birlikdə üzə çıxarılıb.
HİT.az xəbər verir ki, bu barədə "Smithsonian Magazine" məlumat yayıb.
Alimlərin fikrincə, qazıntı aparılan ərazi qədim dövrdə cəmiyyətin yüksək statuslu üzvlərinin dəfn yeri kimi istifadə olunub. Fevral ayından bəri burada aşkarlanan çoxsaylı artefaktlar 1500–2500 il əvvəl bölgədə yaşayan insanların həyatı və dəfn adətləri haqqında yeni məlumatlar təqdim edir.
Qazıntılar zamanı çoxlu insan skeletləri aşkar olunub. "Bangkok Post"un məlumatına görə, bütün mərhumlar müəyyən dəfn mərasiminə uyğun şəkildə – üzləri şimal-şərq istiqamətinə çevrilmiş vəziyyətdə basdırılıb, baş hissələrinin yaxınlığında isə bürünc əşya yerləşdirilib.
Tapılan qızıl bəzək əşyaları, bürünc məmulatlar və keramika nümunələri dəfn olunan şəxslərin sağlığında yüksək sosial mövqeyə malik olduqlarını göstərir.
Tədqiqatçılar bildirirlər ki, üzüklər Don Yay Tonq arxeoloji abidəsi üçün yeni tapıntıdır. Onlardan birinin üzərində brahmi əlifbası ilə yazı həkk olunub. Brahmi qədim yazı sistemi hesab olunur və onun arami yazısından inkişaf etdiyi güman edilir.
Alimlərin sözlərinə görə, Cənubi və Cənub-Şərqi Asiyada istifadə olunan bir çox müasir yazı sistemi, o cümlədən hind dillərinin əksəriyyəti, tay və kxmer əlifbaları brahmi əsasında formalaşıb. Bu yazı sistemi eramızdan əvvəl III əsrdə tam inkişaf etmiş formada mövcud olub və imperator Aşokanın hakimiyyəti dövründə qayalar, sütunlar və mağaralar üzərində tarixi hadisələrin və fərmanların qeyd edilməsi üçün istifadə edilib.
İkinci qızıl üzük isə sadə formada hazırlanıb və üzərində heç bir yazı yoxdur. Tədqiqatçılar ehtimal edirlər ki, üzüklərin sahibi qədim Hindistanın dörd ənənəvi sosial təbəqəsindən biri olan vaişya varnəsinə mənsub ola bilər. Bu təbəqəyə əsasən tacirlər, fermerlər və sənətkarlıqla məşğul olan şəxslər daxil idi.
Samir


