ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin istehsalına lisenziya verilməsi ilə bağlı vədi ABŞ-da tənqidlə qarşılanıb.
HİT.az "Responsible Statecraft" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüs praktik baxımdan ciddi nəticə verməyə bilər və əlavə risklər yarada bilər.
Nəşr qeyd edir ki, Ukraynada belə raketlərin istehsalının təşkili qısa müddətdə hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırmayacaq.
Məqalədə Kvinsi İnstitutunun Böyük Strategiya Proqramının direktoru Corc Bibin fikrinə istinad edilir. Onun sözlərinə görə, raket istehsalı zavodunun tikintisi aylarla vaxt aparacaq və Rusiya həmin obyekt tikilmə mərhələsində olarkən onu hədəfə almağa cəhd göstərə bilər. Bu isə zavodun mövcud "Patriot" sistemləri ilə əlavə mühafizəsini tələb edəcək.
Nəşrdə ABŞ hərbi texnologiyalarının Ukraynaya ötürülməsi ideyasına da ehtiyatla yanaşıldığı bildirilir.
"Defense Priorities" analitik mərkəzinin hərbi təhlillər üzrə direktoru Cennifer Kavananın fikrincə, bu addım Ukraynanın hava hücumundan müdafiə sahəsindəki çatışmazlığı nəzərəçarpacaq dərəcədə azaltmayacaq, eyni zamanda ABŞ-nin milli təhlükəsizliyi üçün müəyyən risklər yarada bilər. O hesab edir ki, belə qərar rəqiblərin ABŞ-ın hərbi texnologiyalarına dair məxfi məlumatlara çıxış imkanlarını artıra bilər.
Kavana qeyd edib ki, hazırda "Patriot" sistemlərinin istehsalına lisenziya yalnız Yaponiya və Almaniyaya verilib. Onun sözlərinə görə, bu ölkələr ciddi texnoloji təhlükəsizlik, istehsal standartları və hazır məhsulun istifadəsinə nəzarət tələblərini yerinə yetirdikdən sonra belə hüquq əldə ediblər. Ekspert hesab edir ki, eyni prosedurun Ukraynada həyata keçirilməsi mürəkkəb ola bilər.
"Responsible Statecraft" sonda yazır ki, ABŞ Müdafiə Nazirliyi bu çətinliklərdən xəbərdardır və təşəbbüsün gələcək taleyi hələ də qeyri-müəyyəndir.
Samir


