İsrail ABŞ ilə İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planını üzə çıxaran kəşfiyyat məlumatlarını bölüşüb.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bu məlumat Vaşinqton və Tehran arasında qarşıdurmanın daha da kəskinləşməsinə səbəb ola bilər.
"The Wall Street Journal" bildirir ki, İsrailin Vaşinqtondakı səfirliyi və İranın BMT-dəki nümayəndəliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Bu arada Donald Tramp Ankarada jurnalistlər qarşısında çıxışı zamanı həyatına yönəlmiş təhlükələrə işarə edib.
"Onlar Amerika liderini – məni aradan götürmək istəyirlər. Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, bütün siyahılarında mənim adım var. İndiyədək yəqin ki, bir qədər bəxtim gətirib, amma ola bilsin ki, bu uzun çəkməsin", deyə Tramp bildirib.
İran uzun illərdir Trampın prezidentliyinin əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generalı Qasım Süleymaninin öldürülməsinə görə ondan qisas almaq niyyətində olduğunu açıq şəkildə bəyan edir.
Bundan əvvəl İranın ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak edən şəxslər Trampın ölümünü tələb edən şüarlar səsləndirmiş, həmçinin "Biz Trampı öldürəcəyik" yazılmış banner nümayiş etdirmişdilər.
ABŞ hərbçiləri Hörmüz boğazında üç yük gəmisinə çərşənbə axşamı həyata keçirilən hücuma cavab olaraq İrana bir neçə silsilə zərbə endirib.
Tramp həmçinin İranla atəşkəsin "sona çatdığını" bəyan edib. Bununla belə, o, danışıqlara hələ də açıq olduğunu və tammiqyaslı müharibənin yenidən başlanacağını gözləmədiyini bildirib.
Mənbələrin məlumatına görə, Tramp NATO sammitindən sonra ABŞ-a qayıdarkən ehtiyat tədbiri olaraq Qətərin təqdim etdiyi yeni təyyarədən deyil, köhnə prezident təyyarələrindən birindən istifadə edib.
Samir


