XİN rəhbəri Rusiyanın Polşaya qarşı mümkün təxribatı barədə xəbərdarlıq etdi

DÜNYA
14:14 / 10.07.2026
46

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini bildirib. 

HİT.az xəbər verir ki, "TVP World"un məlumatına görə, Sikorski bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransında danışıb.

Sikorski bildirib ki, Varşavanın Moskvanın planları ilə bağlı kəşfiyyat məlumatları var.

Polşa XİN rəhbəri Rusiyanın düşmənçilik fəaliyyətlərindən danışaraq bunlara kiberhücumları, təxribatları, yanğın törətmə hallarını, dəmir yolu infrastrukturuna hücumları, dronlarla bağlı insidentləri, eləcə də kritik infrastruktur haqqında məlumat toplamaq məqsədilə Rusiyanın "kölgə donanması"ndan istifadəsini aid edib.

Polşalı diplomat bu açıqlamanı Varşavanın dəfələrlə Rusiyanın genişmiqyaslı müharibəyə başlamadan NATO-nu sınaqdan keçirmək üçün hibrid əməliyyatlardan istifadə edə biləcəyi barədə xəbərdarlıq etdiyi bir vaxtda verib.

Sikorski daha əvvəl Rusiyanın "saxta bayraq" əməliyyatı həyata keçirməsi riskindən danışmışdı. Onun sözlərinə görə, Rusiya eskalasiyaya bəhanə yaratmaq üçün müəyyən hadisəni saxtalaşdıra bilər.

Polşa xarici işlər naziri bununla 1939-cu il hadisələri arasında birbaşa paralel aparıb. Həmin vaxt nasist Almaniyası Almaniyadakı radiostansiyaya hücumu saxtalaşdırmış və bu "insident" Adolf Hitler tərəfindən Polşaya müdaxiləyə bəraət qazandırmaq üçün istifadə edilmişdi.

Bu kontekstdə Sikorski Moskvaya açıq şəkildə müraciət edib. "Biz sizin nə planlaşdırdığınızı bilirik. Bunu etməyin", - deyə Sikorski vurğulayıb.

O qeyd edib ki, bu xəbərdarlıqların məqsədi Rusiyanın belə təxribatlar törətməsinin qarşısını almaq və onu çəkindirməkdir.

Samir

0