Çin Rusiyaya Ukraynaya qarşı müharibədə nüvə silahından istifadənin qəbuledilməz olduğunu bildirib. HİT.az xəbər verir ki, UNIAN-ın müxbirinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "WhatsApp" platformasında keçirilən onlayn brifinqdə deyib.
"Biz Prezident Trampla Çini, onun bu müharibədəki rolunu, iştirakını və ya mümkün iştirakını, eləcə də imkanlarını müzakirə etdik", deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, NATO sammiti çərçivəsində bir neçə Avropa lideri ilə söhbət zamanı da Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılmasındakı rolu müzakirə olunub:
"Burada vəziyyət bir qədər dəyişib. Bəzi Avropa liderləri mənə dedilər ki, onlar Çin nümayəndələri ilə danışıblar və Çin Rusiya mediasında nüvə silahından istifadə imkanları ilə bağlı səsləndirilən fikirlərə çox ciddi, sərt və qəti reaksiya verib".
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya mediasında "bəlkə Ukraynanın zərbələrinə nüvə silahı ilə cavab verək?" kimi fikirlər səsləndirilib.
"Çox vacibdir ki, buna təkcə Avropa və Amerika deyil, Çin də reaksiya verib. Məncə, ilk dəfədir ki, onlar bu qədər açıq və sərt mövqe nümayiş etdiriblər. Liderlərin mənə dediyinə görə, Çin bunu ultimativ formada bildirib və vurğulayıb ki, nüvə silahından istifadənin heç düşüncəsi belə ola bilməz", deyə Zelenski vurğulayıb.
UNIAN-ın daha əvvəl yazdığı kimi, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranacağı təqdirdə" nüvə silahından istifadə ehtimalından danışıb.
Eyni zamanda, "The Hill" nəşri yazıb ki, Avropa Rusiyanın nüvə şantajına boyun əyməməlidir. Nəşrin qeydinə görə, Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları fonunda Vladimir Putin yenidən nüvə silahından istifadə mövzusunu gündəmə gətirməyə başlayıb.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kulebanın fikrincə, Ukraynaya qarşı nüvə zərbəsi məsələsi yalnız Rusiyanın cəbhəsinin çökməsi və Kremlin rəhbərinin öz hakimiyyəti üçün real təhlükə gördüyü halda Putinin gündəminə gələ bilər.
Samir


