Okeana atılmış plastik butulkalar artıq delfinlərin həyatını xilas edir

DÜNYA
10:07 / 13.07.2026
51

Alimlər okeanları çirkləndirən əsas tullantılardan biri hesab olunan plastik butulkalardan delfinləri qorumaq üçün istifadə etməyin mümkün olduğunu müəyyən ediblər. Yeni araşdırmalar göstərib ki, boş plastik butulkaların balıq torlarına bərkidilməsi dəniz məməlilərinin təsadüfən torlara ilişərək ölməsinin qarşısını əhəmiyyətli dərəcədə ala bilər.

Hit.az xəbər verir ki, "Discover Wildlife" nəşrinin yazdığına görə, tədqiqatçılar bu üsulun effektivliyini qiymətləndirmək üçün iki ayrı araşdırma aparıblar və nəticədə onun perspektivli həll yolu olduğunu müəyyən ediblər.

Məqalədə qeyd olunur ki, torlu balıqçılıqda istifadə olunan torlar suda şaquli vəziyyətdə yerləşdirilir və balıq tutulması üçün nəzərdə tutulur. Lakin bu torlara tez-tez delfinlər və digər dəniz heyvanları da təsadüfən ilişirlər.

Balinaların və delfinlərin mühafizəsi ilə məşğul olan "Whale and Dolphin Conservation" (WDC) təşkilatının məlumatına görə, Böyük Britaniyada ən çox dəniz məməlisinin ölümünə məhz bu tip torlar səbəb olur.

Təşkilat bildirir ki, hər il Britaniya sularında təxminən 1000 dəniz donuzu və yüzlərlə delfin, o cümlədən 250-yə yaxın adi delfin belə torlarda tələf olur.

Torların hazırlandığı neylon saplar delfinlər üçün demək olar ki, görünməzdir. Bu səbəbdən onlar exolokasiya vasitəsilə də maneəni vaxtında müəyyən edə bilmirlər.

"WDC"nin məlumatına görə, bəzi balıqçılar çox nazik saplardan hazırlanmış torlardan istifadə edirlər. Bu materiallar səs dalğalarını zəif əks etdirdiyindən delfinlər və dəniz donuzları torları hiss etmədən onlara doğru üzə bilirlər. Digər ehtimala görə isə heyvanlar toru aşkar etsələr belə, onu təhlükə kimi qiymətləndirmirlər.

"Nyukasl Universiteti"nin professoru Per Berqqren torlara plastik və şüşə butulkalar bərkitməyi təklif edib.

İdeya ondan ibarətdir ki, boş plastik butulkaların içindəki hava delfinlərin exolokasiya siqnallarını daha yaxşı əks etdirir və bunun sayəsində heyvanlar torları daha asan müəyyən edə bilirlər.

Şüşə butulkaların içinə isə metal boltlar yerləşdirilib ki, suda hərəkət zamanı xarakterik cingilti səsi yaransın.

Bu nəzəriyyə "Fisheries Research" və "Marine Mammal Science" jurnallarında dərc olunan iki araşdırma çərçivəsində sınaqdan keçirilib.

İlk araşdırma zamanı Zənzibar, Peru və Braziliya sahillərində 1600-dən çox balıq toruna plastik və şüşə butulkalar bərkidilib, sonra nəticələr adi torlarla müqayisə olunub.

Peruda, torların suyun səthinə yaxın yerləşdirildiyi ərazilərdə butulkalar delfinlərin, dəniz donuzlarının və dəniz tısbağalarının tora düşməsi hallarına təsir göstərməyib. Bununla belə, hədəf balıq növlərinin ovlanması artıb və eyni zamanda daha çox akula tutulub.

Zənzibarda da oxşar nəticələr əldə edilib. Səthi torlara butulkaların əlavə edilməsi tun balığının ovunu artırsa da, eksperiment dövründə ümumiyyətlə heç bir delfin tora düşmədiyindən metodun onların qorunmasına təsirini qiymətləndirmək mümkün olmayıb.

Ən uğurlu nəticələr Braziliyada qeydə alınıb. Burada torlar dənizin dibində yerləşdirilib.

Tədqiqat müəllifləri bildirirlər ki, plastik butulkalar delfinlərin təsadüfən tora düşməsi hallarını azaltmaqla yanaşı, balıq ovunun həcmini də artırıb. Bununla belə, yekun nəticəyə gəlmək üçün əlavə sınaqlara ehtiyac olduğu vurğulanıb.

Professor Per Berqqrenin sözlərinə görə, dib torları ilə səthi torlar arasında müşahidə olunan fərq suyun səthində səs-küyün daha çox olması ilə izah edilə bilər.

Sonradan alimlər dib torları ilə daha bir eksperiment aparıblar. Bu dəfə plastik butulkalar delfinlərin təsadüfən tora düşməsi hallarını 88 faiz azaldıb. Eyni zamanda hədəf balıq növlərinin ov həcmi dəyişməyib.

Araşdırma müəllifləri hesab edirlər ki, bu metodun ucuz olması və balıqçılığın məhsuldarlığına mənfi təsir göstərməməsi onu digər ölkələrdə də asanlıqla tətbiq etməyə imkan verir.

Hazırda oxşar tədqiqatlar Kamboca və Konqo Respublikasında davam etdirilir.

Per Berqqren bildirib ki, plastik butulkaların balıq torlarına bərkidilməsi bütün dünyada delfinlərin təsadüfi ovlanmasının qarşısını almağa kömək edə bilər.

"Bu, hər bir balıqçının tətbiq edə biləcəyi sadə və əlçatan üsuldur. Əsl tullantıların təkrar istifadəsi nümunəsidir və delfinlərin həyatını xilas edir", deyə alim vurğulayıb.

O əlavə edib ki, sınaqlar zamanı butulkalar torlara etibarlı şəkildə bərkidildiyindən onlardan heç biri itirilməyib.

Samir
 

0