Yaponiyalı alimlər qara rəngli inəklərin üzərinə ağ zolaqlar çəkərək onların milçəklərin hücumuna daha az məruz qalıb-qalmayacağını araşdırıblar. Təcrübənin nəticələri göstərib ki, zebra naxışına bənzər rəngləmə həqiqətən də həşəratların sayını əhəmiyyətli dərəcədə azaldır.
Hit.az xəbər verir ki, bu barədə “Space Daily” nəşri yazıb.
Tədqiqat müəllifi Tomoki Kodzima və komandası hesab edir ki, zebraların qara-ağ zolaqlı rəngi onların milçəklər tərəfindən nadir hallarda dişlənməsinin əsas səbəblərindən biridir.
Təcrübə çərçivəsində “Japanese Black” cinsindən olan altı boğaz inəyi üç qrupa bölünüb. Bir qrupun üzərinə qara və ağ zolaqlar çəkilib, ikinci qrupa yalnız qara zolaqlar tətbiq olunub, üçüncü qrup isə heç bir rəngləmə olmadan saxlanılıb.
Sınaq zamanı hər bir inək növbə ilə hər üç variantdan keçib. Zolaqlar təxminən 4–5 santimetr enində olub və su ilə yuyulan boya vasitəsilə əl ilə çəkilib. Bir inəyin rənglənməsi təxminən beş dəqiqə çəkib.
Boya bir neçə gün ərzində solduğu üçün tədqiqatlar milçəklərin aktiv olduğu 2017 və 2018-ci illərin mövsümlərində aparılıb.
Alimlərin müşahidələrinə görə, qara-ağ zolaqlarla rənglənmiş inəklərin bədəninə və ayaqlarına qonan dişləyən milçəklərin sayı rənglənməmiş və yalnız qara zolaqlarla işarələnmiş inəklərlə müqayisədə təxminən iki dəfə az olub.
Bundan əlavə, zebra naxışlı inəklər milçəkləri qovmaq üçün quyruqlarını yelləmək, ayaqlarını yerə vurmaq və ya bədənlərini silkələmək kimi davranışları da təxminən 20 faiz daha az nümayiş etdiriblər. Yalnız qara zolaqlarla rənglənmiş inəklər isə rənglənməmiş heyvanlar qədər milçək cəlb ediblər.
Tədqiqatçılar hesab edirlər ki, bu effekt kimyəvi deyil, vizual xarakter daşıyır. Onların işçi hipotezinə görə, qara-ağ zolaqlar milçəklərin heyvana son yaxınlaşma mərhələsində istiqamətini pozur və enməsini çətinləşdirir.
Alimlər bu üsulun effektivliyini daha dəqiq qiymətləndirmək üçün araşdırmaları davam etdirmək niyyətindədirlər. Onların fikrincə, gələcəkdə fermerlər bu yanaşmadan istifadə edərək mal-qaranı həşəratlardan qorumaq imkanı əldə edə bilərlər.
Samir


