Fransanın cəmi 76 daimi sakini olan Şatonöf-an-Oksua kəndi hər il təxminən 100 min turist qəbul edir.
HİT.az xəbər verir ki, bu barədə "Podroze.gazeta.pl" nəşri məlumat yayıb.
Burqundiya bölgəsində yerləşən kənd ilk növbədə XII əsrə aid qəsri ilə məşhurdur. Təxminən 900 ildir Oksua vadisinə hakim mövqedə ucalan bu tarixi tikilinin baş qülləsinin hündürlüyü 20 metrə yaxındır. Hazırda qəsrin mühafizəsinə Fransanın Milli Abidələr Mərkəzi nəzarət edir.
Maraqlıdır ki, Fransa İnqilabı zamanı qəsr dağıdılmayıb. Tikili yerli sakinlərdən biri tərəfindən satın alındığı üçün bu günə qədər yaxşı vəziyyətdə qorunub saxlanılıb.
Kənddə orta əsrlərin ab-havasını yalnız qəsrin divarları deyil, həm də daş döşənmiş küçələr və XV–XVI əsrlərə aid tarixi evlər yaşadır. Köhnə binaların bir hissəsində bu gün də yerli sənətkarlar fəaliyyət göstərir. Buna görə də kənd açıq səma altında muzey deyil, canlı yaşayış məskəni kimi fəaliyyətini davam etdirir.
Kəndin digər görməli məkanlarından biri XII əsrdə inşa edilmiş Müqəddəs Filip və Müqəddəs Yakov kilsəsidir. Burada orta əsrlərə aid freskalar və XIV əsrdə hazırlanmış Məryəm və körpə İsa heykəli qorunur.
Şatonöf-an-Oksua yalnız memarlığı ilə deyil, ətraf təbiəti ilə də turistləri cəlb edir. Yaxınlıqdan Fransanın ən məşhur üzümçülük marşrutlarından biri olan "Route des Grands Crus" keçir. Marşrut Kot-de-Bon və Kot-de-Nüi üzüm bağlarını əhatə edir.
Piyada yürüşü və velosiped həvəskarları üçün isə Burqundiya kanalı boyunca uzanan təxminən 242 kilometrlik turizm marşrutları mövcuddur.
Hər il iyul ayında kənddə "Les Médiévales de Châteauneuf" orta əsrlər festivalı keçirilir. Festival çərçivəsində tarixi rekonstruksiyalar, yarmarkalar və qədim sənətkarlıq nümunələri nümayiş etdirilir. Tədbir orta əsrlər dövrünün həyatını yaxından görmək istəyən çoxsaylı turistləri bir araya gətirir.
Samir


