Çində Günəş elektrik stansiyası Günəş batdıqdan sonra daha 8 saat işləyir

DÜNYA
17:49 / 14.07.2026
46

Çində dünyanın ən böyük hibrid Günəş elektrik stansiyası fəaliyyətə başlayıb. Obyekt fotovoltaik panellərlə konsentrasiyalı Günəş enerjisi (CSP) texnologiyasını birləşdirir.

HİT.az xəbər verir ki, söhbət "Hami" adlı, 1 QVt gücündə elektrik stansiyasından gedir. Obyekt Qobi səhrasında yerləşir. Stansiyanın əsas üstünlüyü ondan ibarətdir ki, burada enerjinin toplanması üçün litium-ion batareyalar əvəzinə əridilmiş duz əsaslı istilik saxlama sistemi istifadə olunur. "E-cars" nəşrinin məlumatına görə, təxminən 550 dərəcə Selsiyə qədər qızdırılan əridilmiş duz Günəş batdıqdan sonra daha 8 saat ərzində elektrik enerjisi istehsalına imkan yaradır.

Stansiyanın ümumi gücünün 900 MVt-ı gündüz saatlarında işləyən ənənəvi Günəş panelləri hesabına təmin edilir. Qalan 100 MVt isə konsentrasiyalı Günəş enerjisi blokunun payına düşür.

Bunun üçün Günəşin hərəkətini izləyən və şüaları qəbulediciyə yönəldən təxminən 260 min güzgüdən istifadə olunur. Alınan istilik əridilmiş duzu qızdırır, daha sonra bu istilik buxar istehsalında istifadə edilir. Buxar turbinləri hərəkətə gətirərək Günəş batdıqdan sonra da elektrik enerjisinin istehsalını davam etdirməyə imkan verir.

Qeyd olunur ki, axşam saatlarında elektrik enerjisinin istehsalını məhz 100 MVt gücündə olan CSP bloku təmin edir, bütün elektrik stansiyası deyil.

Obyekt istilik enerjisinin çevrilməsində daha yüksək səmərəlilik təmin edən təkmilləşdirilmiş xətti "Frenel" texnologiyasından istifadə edir. İdarəetmə sistemi Günəş panelləri ilə istilik saxlama sistemi arasında yükü avtomatik bölüşdürərək enerji sisteminin sabitliyini qoruyur.

Layihə müəllifləri bildiriblər ki, əridilmiş duz əsaslı istilik saxlama sistemləri litium-ion batareyaları tam əvəz etmək üçün nəzərdə tutulmayıb.

Onların sözlərinə görə, batareyalar qısamüddətli pik yüklərin qarşılanması üçün daha uyğundur. CSP texnologiyası isə enerjinin uzunmüddətli saxlanmasını təmin edir və axşam saatlarında atmosferə zərərli tullantılar buraxmadan elektrik enerjisinin sabit şəkildə şəbəkəyə ötürülməsinə imkan verir.

Layihə Tyan-Şan dağlarının ətəyində 1,8 min hektardan çox ərazidə inşa olunub. Ümumi investisiya həcmi 3,53 milyard yuan (təxminən 480 milyon ABŞ dolları) təşkil edib.

Hazırda bu cür sistemlərin əsas çatışmazlığı tikinti xərclərinin yüksək olmasıdır. Bu gün CSP komplekslərinin qurulması Günəş elektrik stansiyalarının litium-ion batareyalarla birgə istifadəsindən daha baha başa gəlir. Bununla belə, Çində texnologiyanın inkişafı sayəsində gələcəkdə bu xərclərin azalacağı gözlənilir.

Stansiya kommersiya fəaliyyətinə iyulun 1-də başlasa da, o, hələ 2025-ci il sentyabrın 18-də enerji şəbəkəsinə qoşulmuş və həmin vaxtdan sınaq rejimində işləyirdi.

Layihə gücünə tam çatdıqdan sonra ildə təxminən 2,07 TVt/saat elektrik enerjisi istehsal edəcək. Bu, təxminən 830 min ev təsərrüfatının elektrik tələbatını ödəməyə kifayət edir. Layihə nəticəsində atmosferə atılan karbon qazı emissiyalarının ildə 1,63 milyon ton azalacağı hesablanır.

Yeni obyekt 950 MVt gücündə olan Dubaydakı "Noor Energy 1" kompleksini geridə qoyaraq dünyanın ən böyük hibrid Günəş elektrik stansiyasına çevrilib.

Çin son illərdə Günəş enerjisi sahəsində liderliyini daha da gücləndirir. Ölkədə artıq "Qobi" səhrasında nəhəng Günəş elektrik stansiyaları, dünyanın ilk 1 QVt gücündə dənizüstü Günəş elektrik stansiyası tikilib və yeni Günəş enerjisi güclərinin istismara verilməsi həcminə görə Çin dünyada birinci yerdədir.

Samir

0