Avropa İttifaqının polad idxalı ilə bağlı tətbiq etdiyi yeni qoruyucu tədbirlər Ukrayna istehsalçılarının Avropa bazarındakı imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra və böyük itkilərə səbəb ola bilər. Buna səbəb Ukrayna üçün müəyyən edilən kvotaların genişmiqyaslı müharibənin ilk iki ilində qeydə alınmış aşağı ixrac həcmləri əsasında hesablanması və hazırkı tədarük səviyyəsini əks etdirməməsidir.
HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Yeni qoruyucu tədbirlər iyulun 1-dən qüvvəyə minib. Avropa Komissiyası qərarı təcili prosedur çərçivəsində qəbul edib ki, bu prosedur əvvəlcə qərarın dərc edilməsinə, daha sonra isə üzv dövlətlərin təsdiqinə imkan verir. Kvotaların bölgüsü ilə bağlı səsvermənin iki həftə ərzində keçirilməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, bəzi ölkələr üçün kvotalar əhəmiyyətli dərəcədə azaldılıb. Ukrayna üçün kvotalar 2022–2023-cü illərin ixrac göstəriciləri əsasında müəyyən edilib. Həmin dövrdə hərbi əməliyyatlar, logistikanın bloklanması və istehsal güclərinin itirilməsi səbəbindən metal məhsullarının ixracı kəskin azalmışdı. Nəticədə müəyyən edilmiş kvota həcmi Ukrayna şirkətlərinin ötən il bərpa edə bildiyi faktiki ixrac səviyyəsindən xeyli aşağıdır.
Milli kvotalarla yanaşı, Aİ istifadə olunmamış həcmlər üçün ayrıca ehtiyat kvota da yaradıb. Lakin Ukrayna istehsalçıları bu kvotalar uğrunda digər ölkələrin şirkətləri ilə rəqabət aparmalı olacaqlar ki, bu da kommersiya baxımından əhəmiyyətli ixrac həcmləri əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
"Metinvest" şirkəti "Politico"ya bildirib ki, bu qərar tammiqyaslı müharibə şəraitində fəaliyyətini davam etdirən və əsas diqqətini Avropa bazarına yönəldən Ukrayna sənayesi üçün əlavə çətinliklər yaradır.
"GMK Center"in qiymətləndirməsinə görə, Ukrayna polad tədarükçüsü olan ölkələr arasında tarif kvotalarının ən çox azaldıldığı dövlətlərdən biridir. "Politico"nun istinad etdiyi hesablamalara əsasən, Ukraynanın polad ixracında potensial illik itkilər 1,3–1,6 milyon ton təşkil edə bilər.
Bundan əvvəl metallurgiya sənayesinin nümayəndələri Ukrayna hökumətini Avropa Komissiyası ilə aparılacaq danışıqlarda kvotaların yenidən nəzərdən keçirilməsini əsas prioritetlərdən birinə çevirməyə çağırıblar. Onların fikrincə, Ukrayna yeni ticarət məhdudiyyətlərinin təsirini yumşaltmaq və əsas ixrac bazarına çıxışını qorumaq üçün müharibə şəraitinin və ölkənin Aİ-yə namizəd statusunun nəzərə alınmasında israr etməlidir.
Samir


