67 milyon illik tiranozavr skeleti hərraca çıxarılır - Alimlər narahatdır

DÜNYA
20:17 / 14.07.2026
37

İndiyədək aşkar edilmiş ən iri və ən yaxşı qorunmuş tiranozavr reks skeletlərindən biri bu həftə Nyu-Yorkda "Sotheby's" hərrac evində satışa çıxarılacaq. 

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Skeletin 20–30 milyon ABŞ dollarına satılacağı gözlənilir. Lakin paleontoloqlar xəbərdarlıq edirlər ki, bu cür satışlar elm üçün getdikcə daha böyük təhlükə yaradır.

Xəncərə bənzər dişləri, son dərəcə güclü dişləmə qabiliyyəti və nəhəng ölçüləri ilə tanınan tiranozavr reks təxminən 67 milyon il əvvəl Təbaşir dövrünün sonunda indiki Şimali Amerikanın qərb hissəsində yaşamış ən təhlükəli yırtıcılardan biri olub.

İndi isə onun fosil qalıqları tarixdə ən bahalı paleontoloji tapıntılardan birinə çevrilə bilər. "Sotheby's" skeleti 20–30 milyon dollar dəyərində qiymətləndirsə də, yekun satış məbləğinin bundan xeyli yüksək olacağı istisna edilmir.

Hazırkı rekord 2024-cü ildə "Sotheby's" hərracında 44,6 milyon dollara satılan "Apex" ləqəbli steqozavr skeletinə məxsusdur. Bu məbləğ ilkin qiymətləndirmədən 11 dəfə çox olub.

"Gus" necə tapılıb?

Tiranozavr reks skeletinə "Gus" ləqəbi verilib. Onun yaşı təxminən 67 milyon il hesab edilir. Quraşdırılmış vəziyyətdə skeletin hündürlüyü 3,8 metrdir və ekspozisiya yırtıcını hücum anında təsvir edir.

Hərrac kataloqunda qeyd olunur ki, geniş açılmış çənəsində iri dişlər aydın görünür. Tədqiqatçıların fikrincə, qalıqlar güclü bədən quruluşuna malik iri yaşlı fərdə məxsusdur.

Skelet 2021-ci ildə ABŞ-nin Cənubi Dakota ştatının Hardinq dairəsində yerləşən rançoda aşkar edilib. Qazıntılar üç il davam edib və torpaq sahibi Qari Likingin icazəsi ilə "Theropoda Expeditions" adlı özəl şirkət tərəfindən aparılıb. Şirkətin əməkdaşı Koul Ceykobs bildirib ki, ilk sümüyü qazıntının başladığı gün görüb.

“Mən yolun kənarına yaxınlaşdım, bir neçə addım atdım və gördüyüm ilk şey torpaqdan çıxan ayaq sümüyü oldu”, deyə o, "Sotheby's"in hazırladığı videoda deyib.

Skelet torpaq sahibi Qari Likingin şərəfinə "Gus" adlandırılıb. O, qazıntılar başa çatmamış vəfat edib.

Alimlər niyə narahatdır?

Tapıntının böyük elmi əhəmiyyətinə baxmayaraq, alimlər dinozavr fosillərinin şəxsi kolleksiyaçılara satılmasını getdikcə daha sərt tənqid edirlər.

Birmingem Universitetinin onurğalılar paleontologiyası professoru Riçard Batler bildirib ki, son illər dinozavr qalıqları bahalı incəsənət əsərləri kimi alınıb-satılır və fosillər elmi irsdən çox lüks əşya və investisiya vasitəsinə çevrilir.

Onun sözlərinə görə, fosil dövlət muzeyinə daxil olmadıqda, faktiki olaraq elmi araşdırmalar üçün əlçatmaz olur.

Batler qeyd edib ki, fosillərin satışı əsrlərdir mövcuddur, lakin qiymətlərin bu qədər yüksəlməsi nəticəsində muzeylər artıq şəxsi alıcılarla rəqabət apara bilmir və bu, elmi tədqiqatlara ciddi zərbə vurur.

Edinburq Universitetinin professoru Stiven Brusatte də bu fikirlə razılaşır.

O bildirib ki, ABŞ qanunvericiliyinə əsasən torpaq sahibləri öz ərazilərində tapılan fosillərə sahiblik edə bildikləri üçün satış qanunidir. Bununla belə, Braziliya və Monqolustan kimi ölkələrdə bütün fosillər avtomatik olaraq dövlətə məxsus sayılır.

Brusatte vurğulayıb ki, dinozavr skeletinin qiyməti on milyonlarla dollara çatdıqda muzeylər, universitetlər və elmi müəssisələr belə alış edə bilmir. Onun sözlərinə görə, bu məbləği yalnız çox varlı insanlar ödəyə bilər.

"Sue"dən Leonardo Di Kaprioya qədər

Hərracda satılan ilk tiranozavr reks  skeleti Cənubi Dakotada tapılmış məşhur "Sue" olub. O, 1997-ci ildə Çikaqodakı "Field" Təbiət Tarixi Muzeyi tərəfindən 8 milyon dollara alınıb. Alış "McDonald's Corporation" da daxil olmaqla bir sıra şirkət və xeyriyyəçilərin maliyyə dəstəyi ilə mümkün olub.

Sonrakı illərdə fosil kolleksiyası məşhur simalar və milyarderlər, o cümlədən aktyor Leonardo Di Kaprio arasında da populyarlaşıb.

Bristol Universitetinin professoru Maykl Benton da muzeylərin unikal eksponatlar uğrunda rəqabətdə getdikcə uduzduğunu bildirib. Bununla belə, o qeyd edib ki, bəzi şəxsi kolleksiyaçılar tapıntıları sonradan muzeylərə bağışlayır və ya sərgilər üçün təqdim edirlər.

Məsələn, milyarder və investisiya fondu rəhbəri Ken Qriffin "Apex" steqozavrını aldıqdan sonra onu dörd il müddətinə Amerika Təbiət Tarixi Muzeyinə sərgilənmək üçün verib.

Niyə muzeyə müvəqqəti verilməsi problemi həll etmir?

Viskonsin ştatındakı Karfagen Kollecinin dosenti Tomas Karr hesab edir ki, şəxsi sahibin alimlərə fosili araşdırmağa icazə verməsi kifayət etmir.

Onun sözlərinə görə, şəxsi kolleksiyada saxlanılan eksponatın gələcəkdə də əlçatan olacağına təminat yoxdur. Muzeylər isə kolleksiyalarını daimi şəkildə qorumağa borcludurlar.

Karr bildirib ki, fosillər elmi məlumatların əsas mənbəyidir və əvvəlki tədqiqatların yoxlanılması, eləcə də yeni araşdırmalar üçün daim əlçatan olmalıdır.

O əlavə edib ki, eksponatın muzeyə müvəqqəti verilməsi də problemi həll etmir, çünki sahibi onu istənilən vaxt geri götürə bilər. Buna görə də bir çox elmi jurnallar yalnız daimi dövlət və ya muzey kolleksiyalarında saxlanılan fosillərə əsaslanan tədqiqatları qəbul edir.

Brusatte də vurğulayıb ki, elmi nəticələr təkrar yoxlanıla bilməlidir və bu yalnız fosillər muzeylərdə saxlanıldıqda mümkündür.

Karr hesab edir ki, şəxsi qazıntılar yalnız tapıntılar sonradan muzey və ya universitetlərə təhvil verildiyi halda problem yaratmır. Onun fikrincə, "Gus" kimi nadir fosillər hətta şəxsi torpaqlarda aşkar olunsa belə, kommersiya məqsədilə satılmaqdan hüquqi cəhətdən qorunmalıdır. Bu praktika artıq Monqolustanda tətbiq edilir.

Brusatte bildirib ki, əgər özü milyarder olsaydı, belə bir skeleti ala bilərdi, lakin sonra onu mütləq muzeyə bağışlayardı.

“Ümid edirəm ki, bu dəfə də məhz belə olacaq”, – alim deyib.

Karr da ümid etdiyini bildirib ki, "Gus" sonda muzey kolleksiyasına daxil ediləcək.

Onun sözlərinə görə, belə olduqda həm elm, həm də cəmiyyət qazanacaq. Çünki unikal tapıntının muzeydə nümayiş olunması hansısa multimilyarderin qonaq otağında tozlanmasından qat-qat faydalıdır.

"Sotheby's" nə deyir?

"Sotheby's" "Gus"un qazıntılarında özəl şirkətin iştirakını müdafiə edir. Hərrac evi bildirir ki, belə ekspedisiyalar olmasaydı, bir çox fosil hələ də torpaq altında qalardı.

Bundan başqa, yüksək qiymətin yalnız skeletin unikallığı ilə deyil, onun aşkar edilməsi, qazılması, bərpası və sərgiyə hazırlanması üçün tələb olunan böyük əmək və maliyyə xərcləri ilə bağlı olduğu vurğulanır.

Samir

0