Rusiyada gəmiqayırma zavodlarını əhatə edən S-300 və S-400 kompleksi "yoxa çıxıb"

DÜNYA
17:29 / 14.07.2026
43

Rusiyanın Severodvinsk şəhərində atom sualtı qayıqlarının tikintisi və təmiri ilə məşğul olan strateji gəmiqayırma zavodlarını qoruyan hava hücumundan müdafiə (HHM) sistemlərinin əhəmiyyətli hissəsi mövqelərdən çıxarılıb. 

HİT.az xəbər verir ki, bu barədə 2024–2026-cı illərə aid peyk görüntülərini təhlil edən "Barents Observer" portalı məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində ən azı 20 ədəd "S-300" və "S-400" zenit-raket kompleksi iki əsas mövqeni tərk edib. Bildirilir ki, buna səbəb raket çatışmazlığı və Rusiyanın digər bölgələrində hava hücumundan müdafiənin gücləndirilməsi zərurəti olub.

Nəticədə "Sevmaş" və "Zvezdoçka" gəmiqayırma müəssisələrinin ətrafında HHM imkanları zəifləyib.

"Militarnı" nəşrinin qeyd etdiyi kimi, "Sevmaş" Rusiyada atom sualtı qayıqlarının inşası ilə məşğul olan yeganə müəssisədir. Yaxınlıqdakı "Zvezdoçka" zavodu isə onların təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşıb.

Bu obyektlərin mühafizəsinə uzun illər Leninqrad Hərbi Dairəsinin tərkibində fəaliyyət göstərən 1528-ci zenit-raket alayı cavabdeh olub. Lakin son peyk görüntüləri Yaqrı adası və Mironov dağı ərazisində müdafiə mövqelərinin ləğv edildiyini göstərir.

Məlumata əsasən, Yaqrı adasında əvvəllər "S-300" komplekslərinin iki batareyası yerləşirdi. Hazırda isə həmin mövqe tamamilə boş görünür. Ərazidən hədəf işıqlandırma və raketlərin tuşlanması üçün istifadə olunan radiolokasiya stansiyaları, eləcə də sursat konteynerləri çıxarılıb.

Oxşar vəziyyət gəmiqayırma zavodundan 12 kilometr məsafədə yerləşən Mironov dağında da müşahidə olunur. Burada 2024-cü ildə döyüş növbətçiliyində olan səkkiz "S-300" buraxılış qurğusu və radiolokasiya sistemləri yerləşsə də, 2025–2026-cı illərə aid peyk görüntülərində onlar artıq görünmür.

Portal ehtimal edir ki, HHM sistemlərinin çıxarılmasının səbəblərindən biri də bu alayın hərbçilərinin Ukraynaya qarşı müharibədə itki verməsidir. Bildirilir ki, Severodvinskdən olan "S-400" divizionunun komandiri, polkovnik-leytenant Vladimir Spiridonov 2024-cü ilin aprel ayının sonunda işğal altındakı Krımda həlak olub.

"Barents Observer" qeyd edir ki, Severodvinsk Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 1500 kilometr uzaqda yerləşsə də, potensial uzaqmənzilli hücumlar baxımından həssas olaraq qalır.

Samir

0