Siciliyadakı Etna vulkanının son 15 ildəki aktivliyi əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
HİT.az xəbər verir ki, bu barədə İtaliya Vulkanologiya Assosiasiyasının prezidenti, Kataniya Universitetinin geokimya və vulkanologiya professoru Marko Vikkaro "RİA Novosti"yə bildirib.
Mütəxəssisin sözlərinə görə, son illərdə vulkanın zirvə kraterləri ərazisində püskürmələr daha tez-tez baş verir. O, bunu maqmanın indi vulkanın dərin qatlarından zirvəyə daha asan qalxması ilə izah edib. Belə ki, maqma qidalandırıcı sistemin aralıq və səthə yaxın rezervuarlarında demək olar ki, ləngimədən hərəkət edir.
Vikkaro qeyd edib ki, 2025-2026-cı illərin sərhədində baş verən iki püskürmə epizodundan sonra Etna bir neçə ay ərzində nisbi sakitlik mərhələsinə keçib. Lakin artıq 2026-cı ilin iyununda zirvə kraterlərində aktivlik tədricən bərpa olunmağa başlayıb.
Alimin sözlərinə görə, ilk dəyişikliklər Voraçine kraterində qeydə alınıb. Burada zəif kül və qızmış vulkanik material atılması müşahidə edilib. İyunun 26-dan etibarən stromboli tipli aktivlik daha aydın ifadə olunmağa başlayıb, lakin qeyri-müntəzəm xarakter daşıyıb.
Stromboli tipli aktivlik dedikdə, maye lavanın atılması və açıq vulkan kanalında vaxtaşırı təkrarlanan partlayışlarla müşayiət olunan zəif vulkanik fəaliyyət nəzərdə tutulur.
İyulun 5-i səhər saatlarında Voraçine kraterinin şərq yamacındakı kanaldan vulkan külünün atılması başlayıb və təxminən bir saat sonra bu proses xeyli güclənib. Etna vulkanının zirvəsi üzərində hündürlüyü təxminən 1,5 kilometr olan kül buludu yaranıb. Vulkanın yaxınlığında yerləşən Kataniya hava limanı iki gün sonra fəaliyyətini bərpa edib.
Samir


