Dəniz ulduzları sahil dayazlıqlarının ən maraqlı canlılarından hesab olunur.
HİT.az xəbər verir ki, "Discover Wildlife" nəşrinin yazdığına görə, onların nə beyni, nə də qanı var. Buna baxmayaraq, onlar ikitaylı molyusklar üçün olduqca təhlükəli yırtıcı sayılır.
Böyük Britaniya və İrlandiya sahillərində geniş yayılan narıncı rəngli beşşüalı adi dəniz ulduzu əsasən sahilin ən aşağı hissələrində yaşayır.
Bütün dəniz ulduzları kimi, bu növün də beyni və qan dövranı sistemi yoxdur. Onlar qida və oksigeni bədən boyunca daşımaq üçün dəniz suyundan istifadə edirlər.
Yavaş hərəkət etmələrinə baxmayaraq, dəniz ulduzları midiya kimi ikitaylı molyuskları ovlamaqda olduqca təsirlidirlər.
Ov zamanı dəniz ulduzu qolları ilə ovunu əhatə edir və minlərlə kiçik boruşəkilli ayaq vasitəsilə qabıqları açmağa çalışır.
Qabıq azacıq aralandıqdan sonra isə ağız hissəsindən iki mədəsindən birini çölə çıxararaq onu qabığın içinə daxil edir. Molyusku bədənindən kənarda həzm etdikdən sonra mədəsini yenidən geri çəkir.
Məqalədə qeyd olunur ki, bu qeyri-adi qidalanma üsulu təxminən 450 milyon ildir mövcuddur.
Nəşrdə həmçinin dələlərin ömür uzunluğu barədə də məlumat verilir. Bildirilir ki, bu göstərici növdən və yaşayış şəraitindən asılı olaraq dəyişir. Ən geniş yayılmış növlərdən olan şərq boz dələləri orta hesabla altı il yaşayır. Kifayət qədər qida, su və sığınacaq olduqda isə onların ömrü 12 ilə qədər çata bilər.
Samir


