İki türk ölkəsində 45-48 dərəcə isti: Fövqəladə tədbirlər görülür

DÜNYA
17:07 / 17.07.2026
43

Qırğızıstan və Özbəkistanda havanın temperaturunun 45–48 dərəcəyədək yüksəlməsi səbəbindən hakimiyyət orqanları bir sıra təcili tədbirlər həyata keçirməyə başlayıb. 

HİT.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə küçələr su ilə soyudulur, Özbəkistanda isə qatarların sürətinə məhdudiyyət qoyulub və planlı elektrik kəsintiləri ilə bağlı xəbərdarlıq edilib.

Qırğızıstanda bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəyə çatdığından Bişkek Şəhər Administrasiyası küçə və prospektlərin su çiləyən maşınlarla soyudulmasına başlayıb. Bələdiyyəyə məxsus "Tazalık" təmizlik şirkətinin 25 xüsusi texnikası müəyyən edilmiş marşrutlar üzrə mütəmadi şəkildə su püskürdür. Şəhər sakinləri görülən tədbirləri müsbət qarşılayıblar.

Meteoroloqlar bildiriblər ki, ölkə ərazisində müşahidə olunan ekstremal isti hava şəraiti iyulun 23-dək davam edəcək. Bundan sonra temperaturun tədricən enəcəyi gözlənilir.

Özbəkistanda isə havanın temperaturu 48 dərəcəyədək yüksəlib və bu, gündəlik həyata ciddi təsir göstərib. "Özbəkistan Dəmir Yolları" şirkəti dəmir yolu infrastrukturunu yüksək temperaturun mənfi təsirlərindən qorumaq məqsədilə qatarların sürətinə müvəqqəti məhdudiyyət tətbiq olunduğunu açıqlayıb. Bu səbəbdən bəzi reyslərdə gecikmələrin baş verə biləcəyi qeyd edilib.

Özbəkistanın Energetika Nazirliyi də isti hava səbəbindən elektrik enerjisinə tələbatın rekord həddə çatdığını bildirib. Nazirlik elektrik şəbəkələrində iri nasazlıqların qarşısını almaq üçün bəzi bölgələrdə qısamüddətli və planlı elektrik kəsintilərinin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Samir

0