Çin kosmosda unikal eksperiment hazırlayır

DÜNYA
17:44 / 20.07.2026
66

Çin alimləri planetar müdafiə texnologiyalarının sınağı məqsədilə unikal kosmik missiyaya hazırlaşırlar. Missiya çərçivəsində kosmik aparat səs sürətindən 26 dəfədən çox yüksək sürətlə asteroidə çırpılacaq. 

HİT.az xəbər verur ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.

Tədqiqatçıların sözlərinə görə, yeni missiya NASA-nın "DART" eksperimentindən sonrakı mərhələ olacaq və Yerin potensial təhlükəli asteroidlərdən qorunması üçün daha real ssenarini sınaqdan keçirəcək.

"DART" missiyası yalnız bir asteroidin digər asteroid ətrafındakı orbitini dəyişdirmişdi. Çin layihəsinin məqsədi isə asteroidin Yerə nisbətən trayektoriyasını birbaşa dəyişdirməkdir. Zərurət yaranarsa, zərbə səma cisminin strukturunu poza və ya onu qismən dağıda da bilər.

Layihəyə Çin Milli Kosmik Administrasiyasının (CNSA) planetar müdafiə proqramının baş elmi əməkdaşı Li Mintao rəhbərlik edir. Məqsəd gələcəkdə Yerə yaxın təhlükəli asteroidlərdən müdafiə üçün texnologiyalar hazırlamaqdır.

Plana əsasən, zərbə aparatı asteroidlə saniyədə 9 kilometrdən çox sürətlə toqquşacaq. Bu, NASA-nın "DART" missiyası zamanı qeydə alınan təxminən saniyədə 6,1 kilometrlik sürətdən xeyli yüksəkdir.

Elmi məqaləyə əsasən, toqquşma 2029 və ya 2030-cu ildə asteroid Yerə təxminən 6,9 milyon kilometr yaxınlaşdığı zaman baş verə bilər. Zərbənin sürəti dəniz səviyyəsində səs sürətindən 26 dəfədən çox olacaq.

Missiya çərçivəsində zərbə aparatından əlavə daha bir kosmik zond buraxılacaq. Bu aparat toqquşmadan əvvəl, toqquşma zamanı və ondan sonra asteroidi müşahidə edəcək. O, asteroidin orbitində, formasında və səthində baş verən dəyişiklikləri izləyəcək, həmçinin onun daxili quruluşunu araşdıracaq.

Avropa Kosmik Agentliyinin "Hera" missiyasından fərqli olaraq, Çin zərbə aparatı və müşahidə aparatını eyni missiya çərçivəsində göndərməyi planlaşdırır.

"South China Morning Post"un məlumatına görə, Çin Milli Kosmik Administrasiyası və Çin Elmlər Akademiyasının mütəxəssisləri hesab edirlər ki, bu yanaşma planetar müdafiə ssenarisini real şəraitə maksimum yaxınlaşdıracaq.

Missiyanın hədəfi 2015-ci ildə kəşf edilmiş və hələ kifayət qədər öyrənilməmiş Yerə yaxın 2015 XF261 asteroididir.

Astronomların hesablamalarına görə, asteroidin diametri təxminən 30 metrdir. Missiyanın asteroidlərin trayektoriyasının kinetik zərbə vasitəsilə dəyişdirilməsinin effektivliyini qiymətləndirməyə kömək edəcəyi gözlənilir.

NASA-nın "DART" missiyası əsasən qaya parçalarından ibarət, diametri təxminən 160 metr olan asteroidə yönəlmişdi. Çin alimləri isə texnologiyanı daha kiçik, lakin ehtimal ki, daha möhkəm və monolit quruluşa malik asteroid üzərində sınaqdan keçirmək istəyirlər.

Hər iki kosmik aparat eyni vaxtda buraxılacaq. Kosmosa çıxdıqdan sonra onlar ayrılacaq: biri asteroidlə toqquşmağa doğru hərəkət edəcək, digəri isə Venera yaxınlığında qravitasiya manevri edərək zərbənin nəticələrini müşahidə etmək üçün əlverişli mövqe tutacaq.

Mühəndislər bir sıra mürəkkəb texniki problemləri həll etməlidirlər. Əsas vəzifələrdən biri kosmik aparatın Yer kürəsindən real vaxt rejimində idarə edilmədən hədəfi müstəqil şəkildə müəyyən edib ona istiqamətlənməsidir.

Toqquşmaya qədər alimlər asteroidin ölçüsünü, formasını və fırlanma sürətini daha dəqiq müəyyənləşdirməyi planlaşdırırlar. Zərbədən sonra isə onun orbitində baş verəcək dəyişikliklər diqqətlə izlənəcək ki, trayektoriyanın planlaşdırıldığı kimi dəyişdiyi təsdiqlənsin.

Alınacaq nəticələrin planetar müdafiə texnologiyalarının inkişafı və bəşəriyyətin gələcəkdə Yerə yaxın təhlükəli asteroidlərdən qorunmasına hazırlığı baxımından mühüm əhəmiyyət daşıyacağı gözlənilir.

Samir

0