2026-cı ilin əvvəlində "Panç" adlı gənc yapon makakasının hekayəsi sosial şəbəkələrdə geniş yayılıb. Anası tərəfindən tərk edilən meymunun sonradan yumşaq oranqutan oyuncağına bağlanması böyük maraq doğurub.
Hit.az"Discover Wildlife" nəşrinə istinadən xəbər verir ki, bu hadisə emosional təsir bağışlasa da, heyvanlar aləmində anaların balalarını tərk etməsi kifayət qədər geniş yayılmış davranışdır.
Məqalədə qeyd olunur ki, bir çox quş növündə "balaların sayının azaldılması" adlanan strategiya müşahidə edilir. Valideynlər çoxsaylı balaları qidalandırmaqda çətinlik çəkdikdə, daha böyük və güclü balalara üstünlük verir, zəif balalar isə çox vaxt sağ qala bilmir.
Mütəxəssislər bildirirlər ki, xüsusilə qida çatışmazlığı zamanı bu strategiya təkamül baxımından daha sərfəlidir. Çünki valideynlər üçün heç olmasa bəzi balaların sağ qalması, bütün nəslin məhv olması riskindən daha əlverişlidir.
Araşdırmalar göstərir ki, bu davranış valideynlərin özləri üçün də üstünlüklər yaradır. Məsələn, 2025-ci ildə ağayaqlı fırtına quşları üzərində aparılan tədqiqat müəyyən edib ki, balalarının sayını azaltmış anaların növbəti çoxalma mövsümünə qədər sağ qalma ehtimalı tam bala dəstəsini böyüdən analarla müqayisədə 16 faiz daha yüksək olub.
Məqalədə vurğulanır ki, belə analar təkcə nəslin deyil, həm də öz sağlamlıqlarını qorumağa çalışırlar. Tək balanın tərk edilməsi, "Panç"ın hekayəsində olduğu kimi, xüsusilə qəddar görünsə də, bunun da müəyyən səbəbləri olur.
Əsirlikdə saxlanılan gecə meymunları üzərində aparılan araşdırmalar göstərib ki, balasını tərk edən valideynlər, orta hesabla, balalarını böyüdənlərdən dörd il daha uzun yaşayırlar.
"Belə hallarda balanın tərk edilməsi adətən ya ananın təcrübəsizliyi, ya da ətraf mühitdə baş verən stresli hadisələrlə əlaqədar olur. 'Panç'ın vəziyyətində hər iki amil eyni vaxtda mövcud idi: o, ilk dəfə bala dünyaya gətirən anadan və güclü istilər dövründə doğulmuşdu. Çətin şəraitdə balaya qulluq etmək əvəzinə, ana instinktiv olaraq onu tərk etməyi seçdi", deyə "Discover Wildlife" yazır.
Nəşrin məlumatına görə, bu qərara ananın öz həyat təcrübəsi də təsir göstərə bilər. Əsirlikdə böyüdülmüş və vaxtilə valideynləri tərəfindən tərk edilmiş gecə meymunları sonradan özləri bala sahibi olduqda, onları tərk etməyə daha çox meyilli olurlar. Alimlər hesab edirlər ki, bu davranış irsi gen ifadə nümunələri vasitəsilə epigenetik yolla ötürülə bilər.
Samir


