Uran və Neptunda təəccüblü kəşf: 1500 dərəcədə belə əriməyən buz

DÜNYA
21:57 / 18.09.2026
42

Alimlər Uran və Neptunun dərinliklərində mövcud olduğu düşünülən qeyri-adi maddə fazasını laboratoriyada yenidən yaradıblar. Superionik buz adlanan bu strukturun 1500 dərəcədən yüksək temperaturda belə bərk quruluşunu qoruduğu və elektrik keçirə bildiyi müəyyənləşdirilib.

HİT.az xəbər verir ki, Fransa Alternativ Enerjilər və Atom Enerjisi Komissiyasının (CEA) tədqiqatçıları buz nəhənglərinin daxilindəki ekstremal şəraiti laboratoriyada modelləşdiriblər. Təcrübə zamanı su iki almaz arasında sıxılıb və lazerlərlə qızdırılıb.

Təxminən 12 mikron ölçülü su nümunəsinə Yer atmosferinin təzyiqindən 800 min-2,25 milyon dəfə yüksək təzyiq tətbiq edilib. Temperatur isə 2087 dərəcəyədək artırılıb.

Təxminən 1,6 milyon atmosfer təzyiq və 1527 dərəcədən yuxarı temperaturda suyun superionik fazaya keçdiyi müşahidə olunub. Bu mərhələdə oksigen atomları kristal qəfəsdə sabit qalır, hidrogen atomları isə həmin struktur daxilində daha sərbəst hərəkət edir.

Məhz bu xüsusiyyət superionik buzu adi bərk maddələrdən fərqləndirir. Kristal quruluş qorunduğu halda hərəkətli hidrogen atomları elektrik yükünün daşınmasına imkan verir.

Alimlərin fikrincə, bu qeyri-adi buz fazası Uran və Neptunun qeyri-adi maqnit sahələrinin formalaşmasını izah etməyə kömək edə bilər.

“Voyager 2” kosmik aparatının 1980-ci illərin sonlarında apardığı müşahidələr bu iki planetin maqnit sahələrinin fırlanma oxlarına nəzərəçarpacaq dərəcədə meyilli və mərkəzdən kənar olduğunu göstərmişdi.

Yer və bəzi digər planetlərdə maqnit sahəsinin yaranmasını izah edən modellərdən fərqli olaraq, Uran və Neptunda bu prosesin planetlərin daha xarici təbəqələrində baş verdiyi ehtimal edilir. Superionik buzda hərəkət edən elektrik yüklərinin isə belə bir mexanizmdə rol oynaya biləcəyi düşünülür.

Tədqiqat nəticələri buz nəhənglərinin daxili quruluşunun daha yaxşı öyrənilməsi üçün yeni imkanlar yaradır. Alimlər hesab edirlər ki, əldə olunan məlumatlar gələcəkdə Uran və Neptuna göndəriləcək kosmik missiyalar zamanı araşdırılmalı fiziki proseslərin müəyyənləşdirilməsinə də kömək edə bilər.

Samir

0