Son vaxtlarda İran ətrafında gərginlik artmaqdadır.
Artıq bu müharibəyə daxil olan ölkələrin sayının artma ehtimalı yaranıb. Belə ki, ABŞ-nin İngiltərədəki hərbi bazalardan istifadəsi Tehranın sərt reaksiyasına səbəb olub. İran sözügedən bazanın legitim hədəfi olduğunu açıqlayıb.
Bu isə iki ölkə arasında gərginliyə səbəb olub. Həmçinin, Ukraynanın da Xəzər dənizində İran gəmisini vurması diqqət çəkib. Bunun ardından Tehran rejimi Ukraynanı da hədələyib.
Bütün bunların fonunda isə İngiltərə və Ukraynanın da müharibə qoşulmaq ehtimalları yaranıb. Eyni zamanda, İranın adıçəkilən ölkələrə cavab zərbəsi endirməyə hazırlaşdığına dair iddialar səslənidirilir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib.
O bildirib ki, Ukraynanın Xəzər dənizində İran gəmilərini hədəfə alması Tehran və Kiyev arasında faktiki gərginlik yaradıb:
“İndi İranın da cavab zərbəsi endirməsi gözlənilir. Hərçənd ki, İrandakı raketlərin və ya dronların mənzilinin Ukraynaya çatıb-çatmayacağı bəlli deyil. Mütləq bir cavab zərbəsi endirilə bilər, amma onun nə qədər effektiv olacağı sual altındadır”.
Ekspert qeyd edib ki, İngiltərənin isə Rusiya ilə gərginlik içərisində olduğu məlum olsa da, İrana qarşı hansısa bir gərginliyi yox idi:
“Lakin böyük ehtimalla ABŞ və Böyük Britaniya arasında gedən danışıqlar fonunda Vaşinqton Londonun dəstəyini almağı bacarıb. Prinsip etibarilə, İngiltərənin İranda və Yaxın Şərqdə hər zaman maraqları olub. Ümumiyyətlə, Böyük Britaniya Avropa İttifaqını tərk edəndən sonra “böyük siyasət”ə qayıtmağa başlayıb”.
Politoloq Böyük Britaniyanın İrana qarşı əməliyyatlara qoşula biləcəyini proqnozlaşdırır:
“İrana qarşı koalisiya hücumu olarsa, yəqin ki, Böyük Britaniya da iştirak edəcək. Hesab edirəm ki, Böyük Britaniya ABŞ kimi ən böyük müttəfiqini tək qoymayacaq. Digər tərəfdən, Böyük Britaniya Ukrayna müharibəsində Rusiyaya dəstək verən ölkələrdən birinin İran olduğunu yaxşı bildiyi üçün Tehrana qarşı əməliyyatları və ya atılan addımları həm də Moskvaya qarşı atılmış saydığından belə bir dəstək verə bilər”.
Turan Rzayevin sözlərinə görə, İranın isə İngiltərəni vurmaq ehtimalı yoxdur:
“Çünki İngiltərəni vuracaq texnoloji imkanı yoxdur. Sadəcə Kiprdəki ingilis bazasını hədəf ala bilər. Ancaq İranın İngiltərənin özünü vurması mümkün deyil”.
Elmir Mustafa



