Bacısının keçmiş ərini "TikTok"da aldadıb evinə çağırdı - Döyülmə hadisəsinə görə cəza aldı

DÜNYA
21:18 / 27.07.2026
43

Abşeron rayonunda şəxsi münasibətlər zəminində baş verən insidentlə bağlı məhkəmə hökm çıxarıb. Bacısının keçmiş həyat yoldaşını görüşə çağıran şəxs ona xəsarət yetirməkdə təqsirli bilinib.

Hit.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.

İttihama görə, təqsirləndirilən şəxs bacısının keçmiş əri ilə münasibətlərə aydınlıq gətirmək məqsədi ilə “TikTok” sosial şəbəkəsində qız adı ilə onunla əlaqə saxlayıb. Daha sonra həmin şəxsi kirayədə yaşadığı mənzilə dəvət edib.

Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxsin iddiasına görə, mübahisə zamanı qarşı tərəfin kobud davranışından sonra aralarında əlbəyaxa dava baş verib. O, evdəki bıçağı götürərək qarşı tərəfi qorxutmaq istədiyini bildirib.

Zərərçəkmiş şəxsin ifadəsinə əsasən isə, görüş zamanı ona dəmir parçası ilə zərbə endirilib, daha sonra yumruq, sillə və təpiklə müxtəlif nahiyələrinə xəsarətlər yetirilib. O, bıçaqla hücum cəhdi zamanı bıçağın tiyəsindən tutarkən əlinin kəsildiyini bildirib.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Qeyd olunan əmələ görə şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin istintaq dövründə 2 gün saxlanıldığı nəzərə alınaraq cəzası azaldılıb və üzərində 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması saxlanılıb.

Abbas 

0