Kanadada düşərgə quracağı yeri seçməyə çalışan təbiət həvəskarı "Google Maps" tətbiqində diqqətçəkən dairəvi relyef formasını aşkar edib. Sonradan məlum olub ki, bu iz təxminən 390 milyon il əvvəl meteoritin Yerə düşməsi nəticəsində yaranmış nəhəng kraterdir.
HİT.az xəbər verir ki, Yer üzərində yüz milyonlarla il əvvəl yaranmış kraterlər zaman keçdikcə eroziya və geoloji proseslərin təsiri ilə demək olar ki, yox olur. Buna baxmayaraq, kosmik cisimlərin buraxdığı bu nadir izlər Ay və Marsdakı toqquşmaların öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır. Kanadada aşkarlanan yeni struktur da məhz bu səbəbdən alimlər arasında böyük maraq doğurub.
Hər şey həvəskar astronom Joël Lapointe-in Kanadada istirahət marşrutu planlaşdırması ilə başlayıb. O, Kvebek əyalətinin "Côte-Nord" bölgəsində yerləşən "Marsal" gölü ətrafını "Google Maps" vasitəsilə araşdırarkən qeyri-adi dairəvi relyef formasını görüb. Bunun meteorit zərbəsinin izi ola biləcəyini düşünən Lapointe müşahidəsini Ontariodakı "Western University"nin vətəndaş elmi platformasına göndərib.
Müraciətdən sonra planet geoloqu Gordon Osinski ərazidə tədqiqat aparıb. O, təxminən 390 milyon il yaşı olan bu nəhəng çuxurun həqiqətən meteorit toqquşması nəticəsində yarandığını təsdiqləyib.
Təxminən 25 kilometr diametrə malik olan krater yerli "Ekuanitshit Innu" Şurasının razılığı ilə "Uhackatik" adlandırılıb. Elmi dairələrdə "Oz" ləqəbi ilə tanınan Gordon Osinski bildirib ki, bu miqyasda son belə kəşf 2018-ci ildə Qrenlandiyada buzlaq altında aşkar edilmiş "Hiawatha" krateri olub. Lakin həmin strukturun mənşəyi ilə bağlı müzakirələr davam etdiyi halda, "Uhackatik"in meteorit mənşəli olduğuna dair heç bir şübhə yoxdur.
Ərazidə aparılan elmi ekspedisiya toqquşmanın gücünü də üzə çıxarıb. Zərbə zamanı ərimiş, daha sonra yenidən kristallaşaraq vulkanik süxurlara bənzər quruluş alan ərinti daşlarının bu günədək qorunub saxlanılması tədqiqatçıları təəccübləndirib.
Bundan başqa, zərbə dalğalarının qayalarda yaratdığı budaqlanan konusvari strukturlar da aydın şəkildə müşahidə olunub. Belə izlər meteorit toqquşmalarının əsas geoloji sübutlarından hesab edilir.
Ölçüsünə görə Ayın məşhur "Tycho" kraterinin gənc dövrünü xatırladan bu ərazi astronavt hazırlığında istifadə olunan "Kamestastin" krateri ilə də böyük oxşarlıq nümayiş etdirir. NASA insanlı Ay missiyalarına hazırlıq çərçivəsində bu tip ərazilərdən astronavtların geoloji təlimlərində fəal şəkildə istifadə edir.
Hazırda alimlər yüksək temperatur nəticəsində yaranmış ərimə izlərini və kvars kristallarında baş verən dəyişiklikləri laboratoriya şəraitində araşdırmağa davam edirlər. Tədqiqatın tam nəticələri Almaniyanın Frankfurt şəhərində keçiriləcək Meteoritlər Cəmiyyətinin illik toplantısında təqdim olunacaq.
Samir


