1929-cu ildə Havay adalarına kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə məqsədilə Yaponiyadan yapon ağgözü (mejiro) adlı kiçik quş növü gətirilib. Gözlərinin ətrafındakı ağ halqalara görə bu quş "ağgöz" adlandırılırdı. Hakimiyyət onun zərərli həşəratlarla qidalanacağını gözləyirdi.
HİT.az xəbər verir ki, "The Times of India"nın yazdığına görə, quş qısa müddətdə bütün arxipelaqa yayılıb və Havayın ən geniş yayılmış quru quşlarından birinə çevrilib. Bu isə yerli quş növləri üçün qida çatışmazlığı problemini yaradıb.
Yapon ağgözü həşəratlar, meyvələr və nektarla qidalanır. O, meşələr və kənd təsərrüfatı sahələri də daxil olmaqla müxtəlif yaşayış mühitlərinə asanlıqla uyğunlaşa bilir.
Problem quşun yerli növlərə birbaşa hücum etməsində deyil, onlarla eyni qida mənbələri uğrunda rəqabət aparmasındadır. "Ecological Monographs" jurnalında dərc olunan araşdırmada yapon ağgözünün Havayın bir neçə yerli meşə quşu, o cümlədən "İivi" və "Elepayo" növləri ilə qida rəqabətinə girdiyi müəyyən edilib.
Sonrakı tədqiqatlar göstərib ki, 2000-ci ildən sonra ağgözlərin sayının artdığı ərazilərdə öyrənilən bütün yerli quş növlərinin cavan fərdlərinin bədən çəkisi azalıb. Bir çoxunda dimdik və ayaqların da qısaldığı müşahidə olunub. Alimlər bildirirlər ki, bədən ölçüsünün kiçilməsi bir neçə növdə sağqalma səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir.
Həmin dövrdə nəsli kəsilmək təhlükəsi altında olan Havay "Akepa" quşunun populyasiyasının da artıq özünü bərpa edə bilməyəcək səviyyəyə çatdığı müəyyən edilib.
Samir


