Alimlər müəyyən ediblər ki, Antarktidada buzlaqların sürətlə əriməsi əsrlər boyu buz qatlarında qalmış zəhərli civənin okeana daşınmasına səbəb olur. Tədqiqat müəlliflərinin fikrincə, bu proses qitənin həssas ekosistemi üçün ciddi təhlükə yarada bilər.
HİT.az xəbər verir ki, Çinin Pekin Universitetinin alimlərinin "PNAS Environmental Sciences" jurnalında dərc olunan araşdırmasına əsasən, Antarktida yarımadası ətrafındakı 16 müxtəlif nöqtədən götürülmüş çöküntü nümunələri təhlil edilib.
Araşdırma göstərib ki, qitə şelfində civənin toplanma səviyyəsi hər kvadratmetr üçün ildə 93 mikroqrama çatır. Bu göstərici digər qitə şelflərində qeydə alınan səviyyədən təxminən iki dəfə yüksəkdir.
Alimlər bildirirlər ki, sənayeləşmə dövründən əvvəlki dövrlə müqayisədə civənin toplanma sürəti təxminən 160 faiz artıb. Tədqiqatçılar bu artımı insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Araşdırmaya görə, qlobal istiləşmə nəticəsində geri çəkilən buzlaqlar bir tərəfdən əsrlər boyu buz altında qalmış civəni okeana daşıyır, digər tərəfdən isə buz örtüyünün azalması nəticəsində açılan dəniz səthi fitoplanktonların atmosferdəki civəni daha çox udmasına şərait yaradır.
Bundan əlavə, buzların əriməsi eroziyanı və süxurların aşınmasını sürətləndirərək qurudan dənizə daşınan civənin həcmini də artırır.
Tədqiqat nəticələrinə əsasən, sənayeləşmə dövründən bəri ərimiş buzlar vasitəsilə okeana daşınan civənin miqdarı 550 faiz, atmosferdən okeana keçən civənin həcmi isə 350 faiz artıb.
Alimlər vurğulayırlar ki, Antarktida yarımadası qitənin ümumi ərazisinin 5 faizindən azını təşkil etsə də, son 30 ildə baş verən buz itkisinin təxminən 60 faizi məhz bu bölgənin payına düşür.
Əvvəlki tədqiqatlar göstərib ki, Antarktidadakı dəniz quşlarının 62 faizində civənin səviyyəsi sağlamlıq üçün təhlükəsiz hesab olunan həddi aşır. Növlərin təxminən dörddə biri isə orta və ya yüksək dərəcədə civə zəhərlənməsi riski daşıyır.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, buzlaqların əriməsi davam edərsə, Antarktida ekosistemində civənin miqdarı daha da artacaq və bu, qida zənciri boyunca çoxsaylı canlı növlərinə mənfi təsir göstərə bilər.
Samir


